ƏBULQASIM  TÜRBƏSİ- İldırım Şükürzadə

04 İyl 2020 10:20
1057

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi İldırım ŞÜKÜRZADƏ-nin yazısını təqdim edir. 

Lerik rayonunun dini-tarixi abidələrindən biri Əbulqasım türbəsidir. Türbə Lerik şəhərindən 18 km aralıda, Piran bölgəsində, Rvarud kəndi ərazisində, qəbiristanlıqda yerləşir. Türbə yerli sakinlər tərəfindən Şahzadə Əbulqasımi tıbə və ya Şahzadə Seyd Əbulqaımi tıbə (tıbə - türbə) adlandırılır.  Ziyarətgah adından da göründüyü kimi Əbulqasım adlı şəxsin adı ilə bağlıdır. Sual olunur görəsən Əbulqasım kimdir və qəbri niyə ziyarətgaha çevrilmişdir?  Bu barədə Əbulqasımın qəbri üzərindəki qara mərmər üzərində yazılmışdır: "Şahzadə Əbulqasım XVI əsrdə "ariflərin sultanı, türbəti - müqəddəs, taliblərin ən seçilmişi" adlandırılan və Seyyid Babagil adı ilə tanınan Nizaməddin Şahsevər Gilani Kəskərinin sərkərdəsi, qoşun başçısı olmuşdur. Seyyid Baba Gilani (Babagil) vəfat edəndən sonra yerini və qoşuna başçılığı Şahzadə Əbulqasıma vəsiyyət edir. Şahzadə Əbulqasım bir müddət sonra "seyidlər ocağı" kimi tanınan Rvaruda gəlmiş, burada yaşamış, hörmət qazanmış və müqəddəs bir şəxs kimi dünyasını dəyişmişdir. O vaxtdan onun qəbri müqəddəs bir ziyarətgah kimi məhşurlaşmışdır."
Qeyd edim ki, Babagil (Bobogil) adı ilə tanınan Nizaməddin Əmir Şahsevər Gilani Kəskəri XVI əsrdə yaşamış və Lerik rayonunun Babagil (Bobogil) kəndində dəfn edilmişdir. Bu gün Bobogil türbəsi kimi məşhur olan ziyarətgah məhz Nizaməddin Əmir Şahsevər Gilani Kəskərinin adı ilə bağlıdır. Şahzadə Əbulqasımın Babagilin sərkərdəsi, qoşun başçısı olması fikrini qəbul etmiş olsaq, türbənin tarixi XVI əsrə gedib çıxmış olur.
2013-cü ildə rvarudlu xeyriyyəçi Nizami Babayevin şəxsi vəsaiti hesabına Şahzadə Əbulqasımın məzarı üstündə şərq memarlıq üslubunda məqbərə tikilmiş, Əbulqasımın qəbri qara mərmərə alınmışdır. Qırmızı kərpicdən inşa olunmuş məqbərə səkkizguşəli olub, dəyirmi formada örtülmüşdür. Məqbərənin 1 qapısı və ensiz, lakin hündür olan 8 pəncərəsi vardır. Fasad və interyerinə ağ bətkeş vurulmuş Şahzadə Əbulqasımın məqbərəsi Lerik rayonunun ən gözəl memarlıq nümunələrindən biri sayılır. Şahzadə Əbulqasım türbəsi memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmasa da, Mədəniyyət Nazirliyi tərəfindən dini turizm marşrutuna daxil edilmişdir. 
Türbə Lerik rayonunun tanınmış ziyarətgahlarından sayılır. Buraya müxtəlif yerlərdən niyyət edib ziyarətə gələnlər olur. Türbənin yerləşdiyi qəbiristanlıq da "Şahzadə Əbulqasım" qəbiristanlığı kimi tanınır.
 Məlumat üçün qeyd etmək istəyirəm ki, Şahzadə Əbulqasım ziyarətgahından başqa min nəfər əhalisi olan Rvarud kəndində "Mir Cahangir ağa", "Seyyid Paşa" və "Seyyid Vəliağa" adında ziyarətgahlar da vardır.

                   

Oxşar xəbərlər