Ədəbi tərcümə tariximizdən- Cabbar Əliyev

04 Yan 2022 01:38
338

1828-ci ildə Türkmənçay müqaviləsi ilə Talış xanlığının Rusiya və İran arasında bölüşdürülməsi prosesi başa çatandan sonra həmin ərazinin tarixi,etnoqrafik,iqtisadi və mədəni cəhətdən tədqiqinə start verildi.Bir qayda olaraq,bununla Rusiyalı tədqiqatçılar məşğul olurdular. Bu mənada ədəbi tərcümə tariximiz də istisna deyil.

Görkəmli Rusiya şərqşünası A.Xodzko (1804-1891) 19-cu əsrin 30-cu illərində Rəşt şəhərində Rusiya konsulluğunun əməkdaşı kimi çalışarkən, Xəzər dənizinin şimal-qərb sahillərində məskunlaşmış aborigen etnosların, o cümlədən talışların da musiqi folklorundan 15 bənd rübai toplamış, onları ingilis dilinə sətri tərcümə etmiş və bu tədqiqatlarını 1842-ci ildə Londonda çap etdirmişdir. Bu əsəri ilə Aleksandr Xodzko talış ədəbi tərcümə məktəbinin əsasını qoymaqdan başqa, həm də mədəni irs olaraq talış folklorunu ilk öncə elmi tədqiqata cəlb etmişdir. Talış musiqi folklorunu toplayarkən onun Muğandan Dinəçoləyədək hər iki Talışda  işləməsi həmin tədqiqatın mühüm üstünlüklərindəndir.

Az sonra A.Xodzkonun topladığı həmin rübailəri başqa bir rusiyalı şərqşünas -professor İlya Berezin fransız dilinə tərcümə edərək 1853-cü ildə Kazanda çap etdirmişdir.

P.f.Riss (1831-1861) şərqşünas və səyyah olaraq 1855-ci ildə cəmi 3 gün Astarada qalmasana baxmayaraq, talış dilində müxtəlif nitq hissələrinə aid xeyli sözlər qələmə almış,bunun əsasında sözügedən dilin qrammatikasını tərtib etmişdir. Apardığımız tədqiqat çərçivəsində isə bizi maraqlandıran onun 4 bənd talışca rübaini yazıya alıb fars dilinə tərcümə etməsidir. Bu işdə ona Lənkəranlı ziyalı Əli Əkbər Zahid dəstək olmuşdur.

Rissdən bir neçə il sonra, 60-cı illərində, Lənkərana səfər etmiş Rusiyalı akademik Dornun xahişi ilə Molla İbrahim adlı Lənkəran ruşinfiki fars dilidən bir pritçanı talışcaya çevirmişdir. Rəhmətlik İshaq Axundovun yazdığına görə, Mirzə Fətəli Axundovla birgə Lənkərana gəlmiş akademikə talış dili üzrə tədqiqat aparmaqda Azərbaycan türkcəsi və doğma talış dillərində dəyərli şeirlər miras qoymuş görkəmli şairimiz Mirzə İsmayil Qasir kömək etmişdir. Həmin səfərlə əlaqədar ak.Dornun tərtib etdiyi əlyazması indi də Sankt-Peterburq Universitetinin Şərqşünaslıq fakültəsinin arxivində 932 nömrəli iş adı ilə durur.

Talış tərcümə məktəbinin sonrakı canlanması (buna cəsarətlə intibahı da demək olar) sovet hakimiyyətinin siftə illərinə təsadüf etmişdir.

20-ci əsrin 20-30-cu illərində bolşeviklərin elan etdiyi ˝soy-kökünə qayıdış˝ şüarı çərçivəsində ədəbi dilimizin formalaşmasında başlıca rol oynamış Zülfuqar Əhmədzodə, Müzəffər Nəsirli, Şöyüb Mursəlov, habelə İzzət Abdullayev, Əbdülrəhman Mahmudov, Ş.Təğizadə, B.Salayev, Ş.Axundov və b. cəfakeş ziyalılarımız sovet və dünya ədəbiyyatı klassiklərinin bir çox dəyərli əsərləri talışcaya tərcümə etdilər.

Onların arasında D.Defonun ˝Robinzon Kruzonun macəraları˝ (tərcüməçi Ə.R.Mahmudov,Bakı,1935), C.Svift.˝Qulliveri ˝liliputlar ölkəsində˝, (tərcuməçi Ş.Mursəlov,Bakı1935); Suleyman Sani Axundovun ˝Qaraca qız˝, (tərcuməçi İ.Abdullayev Bakı1935); Mir Cəlalin ˝Dirilən adam˝(roman), (tərcuməçi Ş.Təğizadə Bakı1937); L.Andreyevin ˝Petka qayada˝, (tərcuməçi Ş.Təğizadə,Bakı,1934); Mirzə Fətəli Axundzadənin ˝Musyo Jordani və dərvişi Məstəli şahin nağılı˝, 4 pardəli komediya, (tərcuməçi Şöyüb Mursəlov (Bakı 1937); Anton Çexovun ˝Kaştanka˝, (tərcuməçi Ş.Təğizadə, Bakı1937); Cek Londonun ˝Kiş haqqında hekayə˝, tərcuməçi İ. Abdullayev (Bakı 1936) və s. adını çəkmək olar.

Bunlardan başqa, respublikanını talışdilli məktəblərinin V sinifləri üçün nəzərdə tutulmuş ˝Ədəbiyyat xrestomatiyası˝ kitabına (Z.Əhmədzadə və M.Nəsirlinin tərtibatında ) türk dilli Azərbaycan ədəbiyyatının M.Ə.Sabir, M.Muşfiq, R.Rza,S.Vurğun, M.Seyidzadənin, Rusiya ədəbiyyatından isə A.Puşkin, İ.Krılov, İ.Nekrasov, L.Tolstoy, M.Şoloxov və b. ədiblərin müxtəlif janrlarda yazdıqları bir çox əsərlərin talışcaya tərcümələri daxil edilmişdi.

Əgər nəzərə alsaq ki, həmin illərdə Ümumittifaq Kommunist bolşeviklər partiyasının Proqramı, Nizamnaməsi, o dövrdə baş tutmuş qurultayların, konfransların və b. dövlət səviyyəli tədbirlərin sənədlərinin də təxirə salınmadan bütün milli azlıqların dillərinə,o cümlədən talışcaya da tərcümə edirdilər və çox vaxt dövrü mətbuatda, həm də broşüra formasındə nəşr edirdilər,onda tərcümə işinin necə böyük vüsət aldığını təsəvvür etmək asan olar. Vacibi partiya sənədlərinin tərcüməsi çox məsuliyyət tələb etdiyinə görə onların redaktəsi üçün əlavə siyasi redaktor da təyin edilirdi. Adətən, talış dilinə olunan siyasi tərcümələrin redaktoru Qırmızı terrorun qurbanı Böyükağa Salayev olurdu. 

Azərbaycan Kommunist bolşeviklər firqəsinin Lənkəran dairə komitəsinin orqanı ˝Sıə Tolış˝ qəzetində də siyasi sənədlərin tərcüməsi ilə yanaşı, ara-sıra ədəbi tərcümələrə  yer verilirdi.Burda Xanoğlan Kazımov və Qudrət Quluyev ziyalılarımız fərqlənirdilər.

Təəssüf ki, II dünya müharibəsi ərəfəsində sovet hakimiyyəti milli azlıqlara münasibətdə siyasətini 180 dərəcə dəyişdi, təxminən 10 il davam edən multikultural ab-havaya son qoyuldu,bu sahədə fəallıq göstərmiş milli elitamızın əksər nümayəndələri güllələndi,sürgün edildi,həbsxanalara dolduruldu.Talış dilində  bütün çap məhsulları kitabxanalardan,mağazalardan, şəxsi evlərdən yığışdırıldı, ya torpağa basdırıldı, ya da yandırıldı. Azərbaycanın bir çox milli azlıqları kimi talışlar də assimilyasiya maşınının tırtılları altına atıldı.

Bu hal  keçən əsrin 80-ci illərinin ortalarında sovet hakimiyyətinin ˝yenidənqurma˝ siyasəti elan etməsinə qədər bu cür davam etdi. Amma, ancaq və lakin desək ki, həmin 1939-1987-ci illər arasında da talış ədəbi tərcümə məktəbi fəaliyyətini qəti dayandırmamışdı,təəccüblənməyin. Məsələ bunda idi ki, o zaman respublikanın köklü etnoslarının hamısında olduğu kimi, talşılara da kökləri ilə tunc dövrünə bağlı olan, 4-5 min il tarix keçərək 20-ci əsrə, sovet hakimiyyətinə qədər gəlib çatmış milli musiqi folklorunu, toy və halay mahnılarını da ana dilərində ifa etməyi qadağan etdilər. Əksinə, respublikanın rəsmi dilində nəğmələr, xüsusən ideoloji nəğmələr ifa etməyi müxtəlif yollarla şirnikləndirirdilər. Yəqin ki, elə bu səbəblərə görədir ki, heç olmasa talış halay mahnılarının heç olmasa musiqisini qoruyub saxlamaq niyyətilə onların poetik mətnlərini xalq özü tədricən, kortəbii şəkildə Azərbaycan türkcəsinə tərcümə etməyə başladı. Hakimiyyət tərcümənin belə formasını təqdir etdiyinə görə həmin proses bəzən mütəşəkkil xarakter də alırdı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Fərziyevanın yazdığına əsasən (˝Doğma elin halayları˝,Bakı 2014) halay mahnılarımızın respublikanın rəsmi dilinə tərcüməsində Mirhaşım Talışlı və Hüseynbalaoğlu Lənkəranda, G.Balaxanlının yazdığına görə isə (˝Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid˝, I c..Bakı 2011) Mir kazım Aslanlı isə Masallı rayonunda fəallıq göstərmişlər.

Müstəqillik dönəmində,məxsusən onun lap siftə illərində milli azlıq  qismində talış mədəniyyətinin inkişafında,o cümlədən tərcümə işində də, müəyyən irəliləyişlər nəzərə çarpmağa başlamışdır.

1993-də ˝Tolışi sədo˝ qəzetinin redaktoru,filolofiya üzrə fəlsəfə doktoru Novruzəli Məmmədovun tərtibatında ibtidai siniflərdə tədris olunmaq üçün ˝Tolışi ərməğon˝ (Talışın ərməğanı) adlı kitab nəşr olundu ki, burda talışca yazan müasir şairlərin həm öz yaratdıqları, həm də onların müxtəlif dillərdən etdikləri tərcümələr yer tutmuşdu.

Sonrakı illərdə Azərbaycanda çıxmış müxtəlif kitablarda,jurnallarda və qəzetlərdə Tofiq İlhami, Xanəli Tolışi, Allahverdi Bayrami, Bəxtiyar Ruşin, Baladdin Veşo, Nəriman Ağazadə, Camal Lələzoə, Vüqar Həmatinin və başqalarının Azərbaycan və dünya ədəbiyyatından talışcaya etdikləri müxtəlif tərcümələr çap olunurdu.

2005-ci Ömər Xəyyamın şair Əvəz Nəbi tərəfindən talışcaya tərcümə etdilmiş rübailərin Bakıda nəşr olunması ədəbi həyatda yadda qalan hadisə oldu. 

Dünya ədəbiyyatı korifeylərindən olan V.Hüqonun ˝Səfillər˝ romanının ilk iki kitabının Baləddin Veşo və Diana Montqomeri tərəfindən talışcaya tərcümə edilib sosial şəbəkələrdə fəaliyyət göstərən ˝Tolışi tərcumə mərənqo˝ qrupunda paylanması da talışdilli oxucular tərəfindən rəğbətlə qarşılandı.

Təəssuf ki,Qurani-Kərim də bizim başa çatmamış daha bir tərcüməmizdir. Əsasən filosof alim Beytulla Şahsoylu və qismən də E.Quliyev tərəfindən onun xeyli hissəsi ˝Şəvnışt˝ qəzetində dərc olunmaqla orjinaldan talışcaya tərcümə edilmişdir.

Dədə Qorqud dastanlarından olan ˝Basatın Kəlləgözü öldürməsi boyu˝ Allahverdi Bayrami tərəfindən 2015-ci ildə talışcaya tərcümə edilərək Bakıda çap edildi (Kitabda səhvən tərcüməçi kimi M.Qaraxanoğlunun adı yazılıb).

2020-ci ildə Sankt-Peterburqda Cabbar Əlinin tərcüməsində ˝Qədə dıl˝ (Balaca ürək) kitabı nəşr edildi ki, burda    Amerika, Avropa, Hindistan,Rusiya, İran, Gürcüstan, habelə bir sıra Azərbaycan yazarlarının da hekayələri və bəzi publisistik yazılar talışcaya tərcümədə yer alıblar. 

Son vaxtlarda Mehsun Perzənin tərcüməsində Şərq ədəbiyyatının incilərindən olan ˝Kəlilə və Dimə˝, (Bakı 2020)A.Bayraminin tərcüməsində 19-cu əsr Azərbaycan tarixinin sanballı mənbələrindən sayılan Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun ˝Əxbərnamə˝ (Bakı 2020), Cabbar Əlinin tərcüməsində orta əsrlər farsdilli nəsrin öncüllərindən olan ˝Qabusnoməni,˝(Moskva,2020) və A. Ekzüperinin ˝Qədə şahzodə˝ (Balaca şahzadə, Sankt-Peterburq, 2021) kitabları talışcada işıq üzü görmüşdür. 

Qeyd etmək lazımdır ki, həm keçmişdə, həm də müasir dövrümüzdə az da olsa, əksinə proses, yəni talış poeziyasının da bəzi nümunələrinin başqa dillərə tərcümə olunması baş tutmuşdur.

1933-cü ildə Tiflisdə çıxan ˝Literaturnoye Zakavkazye˝ jurnalında Dmitri Serebryakovun tərcüməsində Z.Əhmədzadənin ˝Kolxoz˝ şerinin ruscaya tərcüməsi  verilmişdir.

İran islam inqilabınndan sonra (1979) ölkədə məskunlaşmış milli azlıqların da mədəni inkişafında  müsbət dəyişiliklər nəzərə çarpır.   

Doktor Hilal Məmmədovun Z.Əhmədzadənin uşaqlar üçün yazdığı şeirlərdən ibarət tərtib etdiyi ˝Kırınqo˝ (Durna) adlı kitabını İranda,Rəşt şəhərində elə həmin adla Yasər Kərəmzodə və Əli Rəfii Cirdehi tərəfindən farscaya tərcümə edilib nəşr olunmuşdur.

İran Talışında yaşamış görkəmli şairimiz Fərəmərz Məsrur Masalinin ˝Hındılə peşt˝ (Böyürtikanlı yamac) adlı məşhur poemasını da yuxarıda adı keçən Y.K.Haftxani farscaya çevirmişdir.

Əli Əbdolinin tərtibatında çap olunmuş ˝Ədəbiyyat-e tat-o taleş˝ (˝Tat və talış ədəbiyyatı˝ ) kitabında da bəzi talış şairlərinin fars dilinə tərcümə olunmuş şeirlərinə təsadüf etmək olur. 

Sonra, talış folklorunun tədqiqi ilə məşğul olan Fransalı alim Q.Lazard da Cənubi Talışdan şəxsən topladığı çoxlu talış nağıllarını fransızcaya tərcümə edib ˝Studiya İranika˝ məcmuəsində çap etdirmişdir. 

Camal Lələzoənin ˝Tolışə bandon˝ (Talış dağları) adlı şeir Valeri Lipneviçi tərəfindən ˝В Талышских гораx˝ adı ilə  rusi dilinə, ustad Xanəli Tolışın,həm də C.Lələzoənin bəzi şeirlərini  isə Rıqor Baradulin belarus dilinə tərcümə edib çap etdirmişdir.

Dünya ədəbiyyatının üzdə olan əsərlərindən olan Antuan de San-Eqzuperinin ˝Le Petit Prince˝ (˝Balaca şahzadə˝ ) povesti Siyavuş Şəfiqi Ənbərani və  Mohsen Şəfiqi tərəfindən talışcaya tərcümə edilib.       

Nəhayət, 2021-ci ilin lap son həftəsində türkdilli Azərbaycan nəsrinin ən məşhur romanı olan ˝Əli və Nino˝ bildiyimiz qədər, Bakı Multikultural Mərkəzinin sifarişi ilə talışcaya tərcümə edilib (tərcüməçi Allahverdi Bayrami) və Bakıda işıq üzü görmüşdür.

Cabbar Əliyev

Oxşar xəbərlər