Əliəsgər ilk dəfə idi ki, doğum gününü atasız keçirtdi

28 Fev 2021 16:45
520

Ambur.az bildirir ki, 24 fevral tarixində II Qarabağ müharibəsinin şəhidi Lerik rayonunun Kələxan kəndində anadan olan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əliqismət Mükafat oğlu Yaqublunun xalqımıza əmanət etdiyi 5 yaşlı Əliəsgər adında övladının doğum günü idi. Əliəsgər ilk dəfə idi ki, atasız doğum gününü keçirirdi. Hər il Əliqismət Əliəsgərin doğum günündə məzuniyyət götürüb, doğum günündə iştirak edərdi. Əliəsgərin 3 yaşında Məhəmməd adında daha bir qardaşı var.

Qeyd edək ki, Əliqismət Mükafat oğlu Yaqublu 18 aprel 1992-ci ildə Lerik rayonunun Kələxan kəndində, müəllim ailəsində anadan olmuşdur.
II Qarabağ müharibəsinə baş leytenant Əliqismət Yaqublu da Xüsusi Təyinatlının zabiti kimi qatılır və torpaqlarımızın düşmən əsarətindən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə yüksək qəhrəmanlıqlar göstərərək düşmənə sarsıdıcı zərbələr endirir, çoxlu sayda canlı qüvvəsini məhv edir. Baş leytenant Əliqismət Yaqublu daim öndə vuruşur, dəfələrlə öz həyatını təhlükəyə atır, düşmən nəzarətində olan yaralı hərbçilərimizi çıxarmaqla onların həyatını xilas edir. Bir Xüsusi Təyinatlı zabit kimi düşmənlə əlbəyaxa döyüşlərdə də iştirak edir. Qısacası qəhrəman Əliqismət düşmənə sinə gərərək bir tarix yazır. 

Qeyri-bərabər döyüşdə düşmən gülləsinə tuş gələn igid zabit Əliqismət Yaqublu 05 noyabr 2020-ci ildə Daşaltıda gedən şiddətli döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olur. Şəhidin üçrəngli bayrağa bürünmüş nəşi doğulduğu Lerik rayonunun Kələxan kəndinə gətirilir və böyük izdihamla, babasının yanında torpağa tapşırılır. Allah qəhrəman baş leytenant Əliqismət Yaqubluya rəhmət eləsin, xalqımıza əmanət etdiyi Əliəsgər və Məhəmməd balalarını qorusun.

Şəhidimiz haqqında ətraflı məlumat linkdə: https://ambur.az/qehremanlar-unudulmur-20625

Oxşar xəbərlər