“Emilin ən böyük arzusu qızının toyunu görmək idi“- Şəhid Emil Qurbanovun həyat yoldaşı

18 Apr 2021 15:45
711

Şəhid Emil Qurbanovun həyat yoldaşı Vüsalə xanımın Ambur.az-a verdiyi məlumata görə, Emil Vaqif oğlu Qurbanov 25 avqust 1980-ci ildə Lənkəran şəhərində, ziyalı ailəsində anadan olub. 1986-cı ildə 1-ci sinfə daxil olub. 1997-ci ildə Lənkəran şəhər şəhid Azər M. adına 7 №-li tam orta məktəbin 11-ci sinfini başa vurub. 1998-ci ildə Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasına daxil olub və 2002-ci ildə ali təhsilini başa vurub. Təhsilini başa vurduqdan sonra, həmin ildə Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb. Xidmətini baş leytenant rütbəsində tağım komandiri vəzifəsində yerinə yetirib. Xidmətini başa vurduqdan sonra evinə qayıdan Emil Lənkəran şəhərində Zirvə İdman Kompleksində (ZİK) baş məşqçi kimi işinə davam etməyə başlayıb.

2006-2007-ci illərdə Poverliftinq idman növü üzrə keçirilmiş yarışda Qurbanov Emil 700kq nəticədə 110kq-lıq çəki ilə I yerə layiq görülüb.
2008-ci ilin iyul ayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində keçirilən Bench Press üzrə 180kq nəticədə 110kq-lıq çəki ilə I yerə, noyabr ayında isə Uşaq Gənclər İdman Mərkəzində Milli Dirçəliş Gününə həsr olunmuş Yunan Roma güləşi üzrə keçirilən yarışda II yerə layiq görülüb.
Azərbaycan Respulikasının Kuboku Bench Press üzrə keçirilən yarışda 200kq nəticədə 110kq-lıq çəkidə II yerə layiq görülüb.

2011-ci ilin mart ayında Azərbaycan Gənc İdman növləri Benc Press üzrə 200kq nəticədə 110 kq-lıq çəki ilə I yerə, avqust ayında isə 210kq nəticədə 110kq çəkidə II yerə layiq görülüb. 
Zirvə İdman Kompleksində Emilin özünün tələbələri I, II, III yerlərə layiq görülüb.
2012-ci ildə Lənkəran şəhər 7 №-li tam orta məktəbdə hərbi müəllim və təlim-tərbiyə üzrə müavin vəzifəsində işləyib.
Bir çox illərdə həmin məktəbin "Xəzər" komandasi ilə "Sərhəd" hərbi idman oyununun 2-ci turunda II yerə layiq görülüb. 

2020-ci ilin sentyabr ayından etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi zamanı Emil Qurbanov ehtiyatda olan bir zabit kimi həmin ayın 30-da müharibəyə yola düşür və döyüşdə rota komandiri vəzifəsində iştirak edir. Qəhrəman komandir döyüşdə düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda canlı qüvvəsini məhv edir. Bir çox yaşayış məntəqələrinin, bir sıra strateji yüksəkliklərin alınmasında böyük fədakarlıq və şücaət göstərir.

Sonradan Cəbrayıl, Qubadlı rayonları istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edir, bir neçə yaşayış məntəqələrimizin düşmən tapdağından azad olunmasında düşmənə sinə gərərək müstəsna qəhrəmanlıqlar göstərir. Döyüşlər zamanı öz həyatını təhlükəyə ataraq bir neçə yaralı əsgər yoldaşını döyüş zonasından böyük əzmkarlıq və rəşadət göstərərək çıxarır. Baş leytenant Emil Qurbanov 29 oktyabr tarixində Qubadlı istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur və adını qızıl hərflərlə tarixə yazır. Şəhidin nəşi noyabr ayının 6-da doğulub, boya-başa çatdığı Lənkəran şəhərində gətirilir və böyüz izdihamla torpağa tapşırılır.

Şəhidin qızı Emilyaxanım atasına belə bir şeir həsr edir:
Yuxuma gəlmədin, darıxdım ata,
Həsrətdən yanaraq qaçdım məzara.
Üzümü söykədim nurlu üzünə,
Sarıldım daşlara, çağırdım "Ata".
Axı sən mənim tək dostum, sirdaşım,
Yenə gəldim atacan, gəldim, dərtləşək,
Anamdan xəbərsiz gəldim, dərtləşək.

Şəhidin həyat yoldaşı Vüsalə xanımın dediklərinə görə, Emilin ən böyük arzusu qızının toyunu görmək idi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lənkəran şəhərində anadan olan baş leytenant Emil Vaqif oğlu Qurbanov ölümündən sonra "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!

Oxşar xəbərlər