Əminağa Bəhmən oğlu Sadıqov- Professor

02 Sen 2020 10:25
834

    Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru, professor-Əminağa Bəhmən oğlu Sadıqov

    Əminağa Sadıqov 18 dekabr 1962-ci ildə Lerik rayonun Blaband kəndində anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirmişdir. Həmin il Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1985-ci ildə adı çəkilən Universiteti bitirmişdir. 1992-ci ildə həmin Universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda “Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün modellər və texnologiyalar” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır.
Əmək fəaliyyətinə 1985-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda başlamışdır. 1988-ci ildən AMEA-nın Rəyasət Heyətində elmi katib, 1998-ci ildən AMEA Rəyasət Heyəti Elmi-Təşkilat Şöbəsinin rəisi, 2013-cü ildən isə AMEA Rəyasət Heyəti Elmi-Təşkilat İdarəsinin rəisi işləmiş, 2015-ci ildən isə AMEA Rəyasət Heyəti Elm və Təhsil İdarəsinin rəisidir. Əvəzçiliklə, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda “Qəzaların monitorinqi və proqnozlaşdırılması laboratoriyası”nın müdiri vəzifəsində işləyir. Müxtəlif illərdə universitetlərdə əvəzçiliklə pedaqoji fəaliyyət göstərmişdir. Hazırda ictimai əsaslarla Əqli Mülkiyyət və İnnovasiya İctimai Birliyinin sədri, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının məsul katibi, “Vençur layihələri iştirakçıları Assosiasiyası”nın Elmin, biznesin və üçüncü sektorun inkişafı üzrə Məsləhət Şurasının sədr müavini, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının İntellektual mülkiyyətin qorunması və texnologiyaların ötürülməsi üzrə Məsləhət Şurasının və Elmşünaslıq üzrə Elmi Şurasının üzvü, Amerika Mülki Araşdırmalar Fondunun eksperti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə işçi qrupunun üzvüdür.
     Dünyanın 40-a yaxın ölkəsində keçirilmiş 60-dan çox mötəbər beynəlxalq tədbirdə Azərbaycan Respublikasını və Azərbaycan Milli Elmlər Akademiyasını təmsil etmişdir. Müxtəlif ölkələrdə, o cümlədən Amerika Birləşmiş Ştatlarında, İsraildə, Malayziyada, Almaniyada, Yunanıstanda və s. elm, texnologiya və idarəetməyə dair ixtisaslaşmış kurslarda, treninqlərdə iştirak etmiş və müvafiq sertifikatlar almışdır.
     Əminağa Sadıqov 115 elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, habelə 1 patentin və 2 ixtiranın müəllifidir.
Ana dilindən başqa rus, ingilis, ukrain və türk dillərini bilir.

                          Mənbə: Facebook. Lerikimiz; Tədqiqatçı-filoloq İlkin Əzizli

Oxşar xəbərlər