Ənvər Talış oğlu Arazov - Milli Qəhrəman

21 İyl 2021 23:37
188

Ənvər Talış oğlu Arazov 02 dekabr 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra Texniki Peşə Məktəbində oxuyur. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olur. 1974-cü ildə Gəncə şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət edir. Hərbi xidmətini başa vurduqdan sonra Gəncəyə qayıdır, Büllur Zavodunda işləməyə başlayır. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirir, zavodda əvvəlcə nizamlayıcı, sonra isə növbə ustası kimi çalışmağa başlayır.

Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharibə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanır. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edir. 1992-ci ildə Gəncədə Milli Müdafiə Qərargahının müdirinin II müavini vəzifəsində xidmət edir. 1992-ci ilin avqust ayında Tərtərdə alay komandiri təyin olunur. Göstərdiyi şücaətlərə görə ona polkovnik rütbəsi verilir.

Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak etmişdi. 1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdam rayonunun Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girir və qəhrəmancasına şəhid olur. Nəşi Gəncə şəhərinə gətirilir və orada yerləşən "Şəhidlər Xiyabanı"nda dəfn olunur. Ailəli idi. Bir oğul və bir qızı Vətənə yadigar qalır.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Arazov Ənvər Talış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.
                     Ambur.az

Oxşar xəbərlər