Ərdoğan: Nüvə müharibəsinə keçidin bədəli fəlakətlidir

29 Sen 2022 11:52
221

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Kiyevin nəzarətində olmayan ərazilərində “referendum”un keçirilməsini yanlış hesab edir.

Yerli "CNN Türk" və "Kanal D" telekanallarının birgə canlı yayımında Rusiya ilə Ukrayna arasında sülhə ümid varmı sualına Ərdoğan bildirib ki, Rusiyanın nəzarətində olan ərazilərdə təşkil edilən “referendumlar” vəziyyəti çətinləşdirir.

Ambur.az-ın "AA"ya istinadla verdiyi xəbərə görə, dövlət başçısı hələ də sülhə ümid etdiyini, lakin qısa müddətdə bunu mümkünsüz hesab etdiyini qeyd edib.

"İstərdim ki, bu referendum baş tutmasın və biz bütün bunları diplomatiya yolu ilə həll edə bilək. Amma təəssüf ki, bu baş vermədi", deyə Ərdoğan bildirib.

Dövlət başçısı analoji hadisənin 2014-cü ildə Krımda baş verdiyini və bütün cəhdlərinə baxmayaraq, bir nəticə əldə edə bilmədiyini xatırladıb.

Ərdoğan qeyd edib ki, vəziyyəti ətraflı müzakirə etmək üçün cümə axşamı Rusiya prezidenti Vladimir Putinlə dördüncü telefon danışığı aparmaq niyyətindədir.

"Zelenski bu dörd ərazi ilə bağlı bizdən kömək istəyir. Yəni o istəyir ki, biz bu məsələni cənab Putinlə müzakirə edək və onu razı salaq", deyə dövlət başçısı bildirib.

Taxıl müqaviləsi ilə bağlı Ərdoğan bildirib ki, hazırda Ukrayna limanlarından 5 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib.

Türkiyə lideri Rusiya-Ukrayna müharibəsində nüvə silahından istifadə təhlükəsinin olub-olmaması ilə bağlı suala da münasibət bildirib.

"Nüvə müharibəsinin bədəli faciəlidir. Bu danışılası bir şey deyil, bu barədə düşünməyə belə ehtiyac yoxdur. Hesab edirəm ki, ən düzgün yol bu məsələnin diplomatik həllidir", deyə prezident qeyd edib.

Dövlət başçısı bildirib ki, indiki mərhələdə vəziyyəti dayandırıb diplomatiyaya keçməyin mümkün olacağına ümid edir.

Bundan əlavə, Türkiyə prezidenti ABŞ-ın Midilli və Sisam adalarının silahlandırılmasını qəbuledilməz adlandırıb.

"Xarici İşlər Nazirliyi vasitəsilə ABŞ və Yunanıstana lazımi xəbərdarlıqları etmişik. Son məktubumuzu sentyabrın 17-də BMT-yə göndərdik... Hüquqi baxımdan bunlar qeyri-hərbi adalardır... Bu adaların silahsızlaşdırılması son dərəcə vacibdir. Lozanna müqaviləsinə əsasən onların xüsusi statusu var", deyə Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, ABŞ-ın Midilli və Samos adalarına külli miqdarda silah, sursat və texnika göndərməsi qəbuledilməzdir.

Türkiyə lideri ABŞ-ın Kiprin yunan icmasına tətbiq etdiyi silah embarqosunun ləğvini tənqid edib.

"Hər kəs bilməlidir ki, bu son addım cavabsız qalmayacaq və Kipr türklərinin təhlükəsizliyi üçün hər cür tədbir görüləcək", deyə prezident vurğulayıb.

Oxşar xəbərlər