Ermənini məğlub edən Azərbaycan güləşçisi dünya çempionatına aparılmayacaq

14 Okt 2021 22:11
41

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) noyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək 23 yaşadək güləşçilər arasında dünya çempionatında iştirak etməyəcək.

Ambur.az bildirir ki, bu barədə "Report"a yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov məlumat verib.

Onun sözlərinə görə, Norveçin paytaxtı Oslodokı dünya çempionatında zədələnən idmançı qarşıdakı yarışa aparılmayacaq: "Cəfərov gürcüstanlı Ramaz Zoifze ilə 3-cü yer uğrunda qarşılaşmada çiynindən güclü zərbə aldı. Müalicəsi davam edir. Ciddi zədə deyil, amma tam sağalmalıdır".

Rusiyalı mütəxəssisin sözlərinə görə, Belqradda son dünya çempionatındakı heyətdən yalnız Ülvi Qənizadə (72 kq) qüvvəsini sınayacaq: "Norveçdəki yarışda xəstəlik səbəbindən istədiyi kimi çıxış edə bilmədi. Ona Belqradda da şans verməyi düşünürük".

Qeyd edək ki, Həsrət Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionu olub. O, finalda Ermənistan təmsilçisi Sahak Hovannisyana 7:0 hesabı ilə qalib gəlib. Cəfərov həmçinin Rusiyanın Kazan şəhərində təşkil olunmuş I MDB Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, 23 yaşadək güləşçilər arasında dünya çempionatı 1 - 7 noyabrda baş tutacaq.

Oxşar xəbərlər