Ermənistanın 40 hərbçisi Kəlbəcərə daxil olmaq istədi - Rəsmi

02 İyn 2021 15:01
118

İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycanın Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar.

Ambur.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb. 

Azərbaycan silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb. Ermənistan silahlı  qüvvələrinin şəxsi heyətinin ölkəmizin ərazisindən çıxarılması zamanı silahlı qüvvələrimiz tərəfindən silah tətbiq edilməyib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür.

Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür.

Azərbaycan dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir.

Oxşar xəbərlər