Əsgər Tural Bağırovun atası: “Mən bir əsgər atası kimi oğlumla fəxr edirəm“ - Müsahibə

16 Noy 2020 17:00
404

_Salam, Ramiz müəllim. Zəhmət olmasa oğlunuz Tural haqqında bizə məlumat verəsiniz. Neçənci ildə və harada anadan olmuşdur? 
_Məndə ilk öncə sizləri salamlayıram. Oğlum Tural Bağırov 1997-ci il sentyabr ayının 3-də Lerik rayonunun Xəlifəkücə kəndinə anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri Binə qəsəbəsində yaşayırıq.

_Harada təhsil almışdır.
_2004-cü ildə Binəqədi rayonu Biləcəri qəsəbəsi İlqar Məmmədov adına 298№-li məktəbin birinci sinfinə qəbul olmuşdur. 8-ci sinifi Biləcəri məktəbində başa vurduqdan sonra, 2012-ci ildə Türkiyənin Aliağa-İzmir bölgəsində Heydər Əliyev Məsləki ve Texnik Anadolu Litseyinə qəbul olmuş və 9-cu sinifdən etibarən təhsilini orada davam etdirmişdir. 

_Təhsilini başa vurduqdan sonra nə ilə məşğul olmuşdur?
_Litseyi bitirdikdən sonra Universitetə qəbul olmuş, lakin maddi çətinliklərlə üzləşdiyimizə görə təhsilini dayandırmışdır. 2020-ci ilin may ayında Lerik Rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə yola salınmışdır.

_Bildiyimizə görə, oğlunuz da II Qarabağ müharibəsində iştirak etmişdir. Onun bu müharibədə göstərdiyi şücətlərdən bizə danışın.
_Düz buyurdunuz. II Qarabağ müharibəsində, yəni Vətən müharibəsi başladığı gündən oğlum ön cəbhədə olmuşdur. Füzulinin azad olunmasında fəal iştirak etmişdir. Füzuli tam işğaldan azad olunduqdan sonra Şuşa şəhərinə tərəf yollanmışdılar. Orada da daşaltı əməliyyatında iştirak etmişdir. İndi də hal-hazırda Şuşa da öz hərbi xidmətini davam etməkdədir. 

_Ramiz müəllim, oğlunuzun da bu qələbədə zəhməti az deil. Oğlunuz müharibədə istirak etdiyi zaman, Siz bir ata kimi nə hisslər keçirirdiniz? Oğlunuz ilə necə bir qürur hissi duyursunuz?
_Bu sözlə deyiləsi bir şey deyil. Nə qədər desəmdə azdır. Mən bir əsgər atası kimi bununla qürur duyuram, oğlumla fəxr edirəm. Sevinirəm və fəxr edirəm ki, bu qələbədə, torpaqlarımızın azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında oğlumun da zəhməti var. 

_Bu qələbə ilə bağlı Azərbaycan xalqına nə sözünüz var?
_Bu qələbə münasibəti ilə  Ali Baş Komandanımız İlham Əliyevi, Ordumuzu və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əsgərlərimizə Allahdan uzun ömür, can sağlığı arzulayıram. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onlar bizim üçün ölməzdir. Daima qəlbimizdə yaşayacaqdır. Şəhidlər ölməz, Vətən bölünməz!

_Sonda biz də Ambur.az saytının kollektivi adından bu müsahibəyə görə sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
_Sağolun. Mən də sizə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. İşlərinizdə müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun. Allah sizi var eləsin. Siz ki, belə bizim oğullarımızı, əsgərlərimizi qiymətləndirirsiniz, dəyərləndirirsiniz. Sizə təşəkkür edirəm.

 

Oxşar xəbərlər