Evin tək övladı olan 19 yaşlı lerikli şəhid

27 Fev 2021 16:29
471

Çingiz Sulduz oğlu Babayev 21 sentyabr 2001-ci ildə Lerik rayonunun Mistan kəndində anadan olmuşdur. Evin tək övladı olan Çingizin uşalıq illəri doğulduğu kənddə keçib. Anası Sevinc xanım epilepsiya xəstəliyindən əziyyət çəkir, atası Çingiz kişi isə ruhi xəstədir. 2001-ci ildə Mistan kənd natamam orta mətəbin 1-ci sinfinə gedib. 2016-cı ildə həmin məktəbin 8-ci sinfini başa vurduqdan sonra Lerik rayon şəhid İldırım Nuriyev adına Qosmalıan kənd tam orta məktəbində təhsilini davam etdirib. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurduqdan sonra Bakı Biznes və Kooperasiya Kollecinə qəbul olub. Çingiz hələ Kollecin II kursunda oxuyarkən, 2018-ci il oktyabr ayının 3-də Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Tərtər rayonunun Cəmilli kəndində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 

Çingiz anadangəlmə böyrək xəstəliyindən əziyyət çəktiyi üçün 04 mart 2020-ci ildə Mərkəzi Hərbi Klinik Hospitalına göndərilir. Həmin ayın 7-də əməliyyat olunan Çingiz 10 gün müalicə aldıqdan sonra yenidən xidmətini davam etdirməyə hərbi hissəyə qayıdır.

Çingiz 2020-ci il 27 sentyabrdan etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinin fəal iştirakçısı olur. Ağdərə, Tərtər və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Çingiz 10 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonu Mistan kəndinə gətirilir və kənd qəbiristanlığında torpağa tapşırılır.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Mistan kəndində anadan olan əsgər Çingiz Sulduz oğlu Babayev ölümündən sonra "Laçının azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                     Ambur.az

Oxşar xəbərlər