Evin tək övladı olan şəhid Rüfət Əsgərov

17 Fev 2021 16:18
624

Əslən Bakıdan olan Rüfət Qabil oğlu Əsgərov 29 yanvar 1997-ci ildə Rusiya Federasiyasının Rostov şəhərində anadan olmuşdur. 1-ci sinfi orada oxuduqdan sonra, 2004-cü ildə valideynləri ilə birlikdə Bakıya qayıdır. Bakı şəhəri Suraxanı rayonu Qaracuxur qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanin 2-ci "B" sinifinə daxil olur və orada təhsilini davam etdirir. Ailənin tək övladı idi. İstər dost-tanışlar, istər qohum-qonşular, istərsə də sinif yoldaşlarının və müəllimlərinin böyük hörmətini qazanmışdır. Rüfət sinifdə əlaçı olduğundan şəkli məktəbin şərəf lövhəsində vurulmuşdur. Rüfətin necə ürəyi təmiz, mərd və zarafatcıl insan olduğunu bütün məktəb yoldaşları bilirdi. 2015-ci ildə həmin məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin "biznes və menecment" fakultəsinin menecment ixtisasına daxil olur. 2020-ci il iyun ayında dövlət imtahından müvəffəqiyyətlə keçərək universiteti başa vurur və hərbi xidmətə yola salınır. 

27 sentabr 2020-ci ildə başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinin iştirakçısı olan Rüfət döyüşdə öz göstərdiyi qəhrəmanlığı və şücaəti ilə adını qızıl hərflərlə tarixə yazaraq digər döyüş yoldaşları kimi torpaqlarımızın alınmasında fəal iştirak etmiş və düşmənə sarsıdıcı zərbələr endirərək xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Uzun müddət Rüfətdən xəbər gəlməyir. Təxminən 1 aya yaxın itkin düşür. Nəhayət noyabr ayının 24-də Rüfətin nəşi tapılaraq ailəsinə oktyabr ayının 29-da Şuşa istiqamətində şəhid olduğu xəbəri verilir. Həmin ayın -noyabrın 25-də nəşi Bakı şəhərinə gətirilir və səhərisi gün Xəzər rayonu, Binə "Şəhidlər xiyabanı"nda böyük izdihamla torpağa tapşırılır. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Rüfət Qabil oğlu Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun!

Oxşar xəbərlər