Filoloq Hacı Allahverən Nəzərov -1950

27 Avq 2021 12:55
214

Hacı Allahverən Süleyman oğlu Nəzərov 30 iyul 1950-ci ildə Lənkəran rayonunun Havzava (Havzəvə) kəndində anadan olub. O, 1967-ci ildə Lənkəran rayonunun Kirov (indiki İstisu) qəsəbə tam orta məktəbini bitirib. 1967-1968-ci illərdə keçmiş “Pravda” sovxozunda fəhlə işləyib. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinə daxil olub, 1972-ci ildə həmin fakültəni müvəffəqiyətlə bitirib. Həmin ildə Havzava kənd səkkizillik (1986-cı ildən tam orta) məktəbinə dil-ədəbiyyat müəllimi təyin edilib. 2015-ci ilə qədər 43 il fasiləsiz olaraq bu məktəbdə çalışıb. 1973-1974-cü illərdə həqiqi hərbi xidmətdə olub. 1978-2002-ci illərdə məktəb həmkarlar təşkilatının sədri işləyib.

Savad və pedaqoji ustalığı nəzərə alınaraq “Baş müəllim” (1985-1994) adına layiq görülüb. Haqqında dövrü mətbuatda, "Havzava" (2009) və "Havzava məktəbi" (2009) kitablarında məlumat verilib. Allahverən Nəzərov bir çox məqalələrin müəllifidir. Hələ tələbə olarkən yazdığı elmi iş Volqoqradda keçirilən konfransa təqdim edilib. Məqalələri müxtəlif qəzet və jurnallarda dərc edilib. Allahverən müəllim həm də peşə təhsili səviyyəsində “Arıçı” ixtisası üzrə hazırlanmış altı modul dərs vəsaitinin müəllifidir.

Allahverən Nəzərov bir ziyalı kimi yaşadığı kəndin ictimai həyatında, sosial problemlərinin həllində, xeyriyyə işlərində fəal iştirak edir. O, həm də müqəddəs Həcc (2013), Kərbəla və Məşhəd (2014) ziyarətlərində olub.

Ailəlidir, 4 övladı, 10 nəvəsi vardır.

Oxşar xəbərlər