Füzuli uğrunda şəhid olan Muğanlı kəndinin qəhrəmanı - Fərid Fərəcov

12 May 2021 01:42
77

Fərid Yaşar oğlu Fərəcov 11 noyabr 1998-ci ildə Ağcabədi rayonunun Muğanlı kəndində anadan olub. 2 qardaş və 1 bacı olmaqla ailədə 5 nəfər olublar. Evin ortancıl uşağı olan Fərid uşaqlıq illərini doğuluğu kənddə keçirib. 2005-ci ildə Ağcabədi rayon Sərvan Quliyev adına Muğanlı kənd tam orta məktəbinin 1-ci sinfinə gedib və 2016-cı ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Təhsilini başa vurduqdan sonra bir müddət maşın ustası işləyib. 10 yanvar 2017-ci ildə Ağcabədi rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Sumayıtda yerləşən "N" saylı hərbi hissəyə yola salınıb. Bir müddət orada xidmət edən Fərid daha sonra Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəyə xidmətini davam etdirməyə göndərilib. Xidməti dövründə "Topçu" vəzifəsini icra edib. 2018-ci ildə xidmətini nümunəvi başa vurduqdan sonra evinə, ata-anasının yanına qayıdıb və ailəsinə kömək etmək məqsədilə həmişəki -maşın ustası işinə davam edib.

2020-ci ilin sentyabr ayından başlayan 44 günlük II Qarabağ müharibəsi zamanı Fərid oktyabr ayının 1-də Ağcabədi rayon Hərbi komissarlığı tərəfindən çağırılır və müharibəyə yola salınır. Döyüş yolunu Füzuli istiqatindən başlayır, böyük şücaət və qəhrəmanlıqlar göstərir. Həmin ayın 20-də Füzulinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Muğanlı kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Ağcabədi rayonunun Muğanlı kəndində anadan olan Fərid Yaşar oğlu Fərəcov ölümündən sonra "Vətən uğrunda"  medalı ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                                       Ambur.az 

Oxşar xəbərlər