Füzulidə su anbarına balıqlar buraxıldı

28 Apr 2021 12:57
186

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Füzuli rayonun Qaraməmmədli kəndinə mediatur təşkil olunub.

Ambur.az xəbər verir ki, səfər zamanı kənddə "Köndələnçay-1 su anbarı"nda 1500 balıq körpələri buraxılıb.

Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib ki, balıqlardan 1000-i çəki kimi və 500-ü ağamur balıq körpələridir:

"Buraxılan balıq körpələri məhz bu su hövzələr üçün xarakterikdir. Məqsədimiz təbii populyasiyanın artırılmasına dəstək verməkdir. Uzun müddətdir ki, bu ərazilərin ermənilər tərəfindən istismar olunması balıq populyasiyasının nəslinin kəsilməsinə gətirib çıxarıb. Bu kimi tədbirlərin keçirilməsi balıqların artırılmasına gətirib çıxaracaq".

O qeyd edib ki, Qarabağ zonasında ən çox çirkləndirilmiş çay Oxçu çaydır: "Biz digər çaylardan da su nümunələri götürdük. Analizin nəticələrinə görə hansı çaylara, hansı su hövzələrinə balıqların buraxılması mümkün olub. Bu ərazilərdə də götürülən nümunələr qənaətbəxş olduğu üçün buraya da balıqlar buraxıldı".

Xidmət rəisi balıq ovu ilə bağlı əhaliyə çağırış edib. Onun sözlərinə görə, balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2021-ci il tarixindən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir: "Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və bu müddətdə balıq ovu ilə məşğul olan hər kəsi balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirik. Bu müddətdə balıq ovlanması qadağandır".

Oxşar xəbərlər