Gənc yazar Sevindik Nəsiboğlunun “Möhtəşəm Zəfərin nişanəsi” kitabı işıq üzü görüb

23 Dek 2021 11:57
899

Gənc yazar Sevindik Nəsiboğlunun 5-ci kitabı olan “Möhtəşəm Zəfərin nişanəsi” kitabı işıq üzü görüb 

Ambur.az xəbər verir ki, məktəbli şair-publisist, olduqca zəhmətkeş yazar Sevindik Nəsiboğlu “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabı ilə oxucularla sayca 5-ci dəfə görüşür.

Müəllifin “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitabları 2018-ci ildə, “Ulu Naxçıvanım” adlı nəsr və “Konüllərə yol gəzirəm” adlı şeir kitabları isə 2020-ci ildə nəşr edilmişdir. Bu kitabların hər biri müəllifin kimliyini görmək, onun daxili aləmini tədqiq etmək üçün kifayət edəcək gücdədir. 700-dən çox səhifədə qərar tutmuş “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabın əsas mövzusunu 1-ci Qarabağ müharibəsi, atəşkəs dövründə, 2016-cı ilin aprel və 2020-ci ilin Tovuz döyüşləri, nəhayət, 44 günlük Vətən müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərimiz, sağlamlığını itirmiş qazilərimiz, müharibə iştirakçıları haqqında həssaslıq, vətənpərvərlik, kədər içərisində qürur və sevinclə qələmə alınmış, Vətən oğullarının qısa, lakin olduqca mənalı və qürurverici həyat və döyüş yollarından bəhs edən publisistik məqalələr, məqalə-şeirlər, şeirlər, düşmən tapdağından azad edilmiş şəhər, qəsəbə və kəndlərimizə, şanlı ordumuza, türkçülüyə, qəhrəmanlığa həsr edilmiş zəfər ətirli şeirlər, anım tədbirlərində çıxışlar, eləcə də 1992-2020-ci illərdə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman Azərbaycan oğulları haqqında müəllif tərəfindən yaradılmış Vikipediya səhifələri təşkil etmişdir. Belə ki, ümumilikdə, 76 şəhid, 2 qazi və 2 müharibə iştirakçısı haqqında məqalə və şeir, azad edilmiş ərazilərimiz və vətənpərvərlik mövzusunda 40-dək şeir və 365 nəfər şəhidimiz haqqında Vikipediya səhifəsi yer almışdır.Kitabı 400-dən çox Vətən oğulları — şəhidlərimiz, qazilərimiz və müharibə iştirakçıları haqqında ensklopedik toplu kimi də qəbul etmək olar. Kitabda yer almış bir çox yazılar müəllifin redaksiya heyətinin üzvü və ən gənc müxbiri olduğu “Kredo” qəzetində, “Afia.az” saytında və digər xəbər saytlarında dərc edilmişdir.

Allahverən Pərvizoğlu

Oxşar xəbərlər