General Həzi Aslanovun davamçısı olmaq istəyən tank komandiri, şəhid gizir Ağayev Cəlal

23 Fev 2021 12:42
758

Cəlal Ağaverdi oğlu Ağayev 04 dekabr 1984-cü ildə Lerik rayonunun Kornədi kəndində anadan olmuşdur. Uşaqlıq illəri doğulduğu kənddə keçir. 1992-ci ildə Vizəzəmin kənd tam orta məktəbin 1-ci sinfinə getmiş və 2003-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurmuşdur. Həmin ilin dekabr ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi qərbi xidmətə çağırılır və Naxçıvanda yerləşən "N" saylı hərbi hissəyə göndərilmişdir. Cəlalın arzusu general Həzi Aslanovun davamçısı olmaq idi. Ona görə də hərbi təhsilini davam etdirmək qərarına gəlir. 

2005-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində yerləşən "N" saylı hərbi hissədə, 2006-cı ildə isə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə tank komandiri vəzifəsində xidmətini davam etdirmişdir. 2016-cı ilin "Aprel döyüşləri" zamanı Cəlal Ağayev ön cəbhədə vuruşaraq igidlik və şücaət göstərmişdir. 

Gizir Ağayev nümunəvi xidmətinə görə bir çox medallarla -"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı və "Qüsursuz xidmətə görə" III dərəcəli medalı ilə təltif edilir. 

2020-ci il 27 sentyabrdan etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinə tank komandiri, gizir Cəlal Ağayev də qatılır. 29 sentyabrda döyüş tapşırığı alan qəhrəman gizir tankı ilə düşmən səngərini keçib, onlarla ermənini məhv etmişdir. Həmin döyüşdə Cəlal Ağayevin tankı düşmən tərəfindən vurulur. Tankdan sağ çıxan Cəlal avtomatı ilə düşmənlə sona qədər mübarizə aparır və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından və qanından keçməklə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Lerik rayonunun Kornədi kəndinə gətirilir və kənd qəbiristanlığında torpağa tapşırılır. Ailəli idi, Nazənin və Sadiq adlı iki övladını xalqımıza əmanət saxlayır.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, tank komandiri, gizir Lerik rayonunun Kornədi kəndində anadan olan Cəlal Ağaverdi oğlu Ağayev ölümündən sonra "İgidliyə görə" və  "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                            Ambur.az

Oxşar xəbərlər