General olmaq istəyirdi, şəhid oldu- Talışın ikinci Həzi Aslanovu olmaq istəyən şəhidin qəhrəmanlıq səlnaməsi

12 Yan 2021 10:40
1561

Əslən Astara rayonunun Ərçivan qəsəbəsindən olan Şahnur Şahin oğlu Hüseynov 30 noyabr 1991-ci ildə Polşa Respublikasının Beloqard şəhərində anadan olmuşdur. 2 qardaş və 1 bacı olmaqla ailədə 5 nəfər olublar. Şahnur evin böyük övladı idi. 1992-ci ildə Polşadan Vətənə qayıdır. Atası Şahin Hüseynov hərbçi olmuş və işi ilə əlaqədar bir müddət Cəlilabad rayonunun Göytəpə qəsəbəsində xidmət etdiktən sonra Ağcabədi rayonunun Qaradolaq kəndində yaşamışlar. Şahnur 1 və 2-ci sinifini Qaradolaq kəndinə oxumuşdur. 

Daha sonra Füzuli rayonunun Əhmədbəyli kəndindəki Mahmudlu -2 tam orta məktəbində təhsilini davam etdirmişdir. Uşaqlıq illərini ayrı-ayrı rayonlarda keçirən Şahnur arabir yay tətillərini öz dədə-baba ocağında -Astara rayonunun Ərçivan qəsəbəsində keçirirdi. Uşaqlıq vaxtlarını burada keçirməyi daha çox istəyirdi. Tərbiyəsi, mehribanlığı, səmimiliyi, şən xasiyyəti ilə öz qohumlarının sevgisini qazanmışdı. Ata-anasını, bacı-qardaşını daha çox sevən Şahnur "sizdən bir anlıq olsa belə ayrı qalmaram" -deyərdi. 

2006-cı ildə 8-ci sinifi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 2009-cu ildə liseyi başa vurmuşdur. Oxuduğu liseydə də müəllimləri onu çox vətənpərvər və ata-ana qədri bilən biri kimi tanıyırdı. Liseyi bitirdiktən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2013-cü ildə məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etməyə başlayır. Oradan Füzuli rayon "N" saylı hərbi hissəyə göndərilir və təminat komandiri vəzifəsində xidmət etməyə başlayır. 

Şahnur 2016-cı ilin "Aprel" döyüşlərinin iştirakçısıdır. İgid komandir döyüşlərdə yaralı əsgərlərə kömək etmiş və vaxtında onları lazımi yerlərə təxliyə etmişdi. Hətda onlardan sağ qalan əsgərlərin içində "biz ona can borcluyuq" -deyən də var. Eyni zamanda Lələtəpəyə bayrağımızı ilk sancanlardan biri olmuşdur. Daha sonra Şahnur Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə Qərərgah rəisi, bir müddət sonra isə tabor komandiri vəzifəsində xidmət etməyə başlayır. 

27 sentyabr 2020-ci il tarixində başlayan II Qarabağ müharibəsinə kapitan Şahnur Hüseynov başçılıq etdiyi taboru ilə birgə qatılıb və Ermənistanın Ohanyan səddini yarıb torpaqlarımızın azad olunmasına yol açmışdır. Qəhrəman komandir geriyə baxmadan daim irəliləmiş, düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv etmişdir. Füzulinin 7 kəndini işğaldan azad etdiktən sonra 8-ci kəndi uğrunda gedən şiddətli döyüşlərdə müharibənin ilk günü -27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin nəşi Astara rayonunun Ərçivan qəsəbəsinə gətirilərək orada torpağa tapşırılıb. Şəhidimiz ailəli idi, 2 yaşlı Əlinur adında oğlunu xalqımıza əmanət qoydu. 

Kapitan Şahnur Hüseynov nümunəvi xidmətinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. 

Şahnurun vətənpərvər biri olması, vətənə, torpağa olan bağlılığı hərbçi ailəsində böyüyüb, boya-başa çatmasından irəli gəlirdi. Onun qəhrəmanlığından, vətənpərvərliyindən və döyüşlərdə göstərdiyi şücaətlərdən onun döyüş yoldaşları tərəfindən hələ də danışılır. 

Şahnur general olmağı özünə arzulayan biri olmuşdur. Həmişə "mən general olacağam, talışların ikinci Həzi Aslanovu olacağam. Əgər general olmasam şəhid olacağam" -deyərdi. Ailəsinə də tez-tez işlətdiyi bir cümləsi var idi: "Mən anamı, atamı və yarımı sevməsəm Vətənimi sevmərəm, Vətən mənim namusum, torpağ mənim qeyrətimdir". Sözün həqiqi mənasında vətəninə, torpağına, ailəsinə bağlı insan idi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, şəhid kapitan Şahnur Şahin oğlu Hüseynov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Allah rəhmət eləsin. Vətən sağ olsun!


                                                     Ambur.az

Oxşar xəbərlər