“...Halbuki ən çox haqqı olanlardan biri idi“-Ömrünün 25 ilini orduya həsr edən şəhid Yasən Əhmədovun qəhrəmanlıq səlnaməsi

06 May 2021 11:31
277

Yasən Yelmar oğlu Əhmədov 16 sentyabr 1974-cü ildə Ağdam rayonunun Kosalı kəndində anadan olub. 3 bacı və 1 qardaş olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illərini Ağdam rayonunda keçirib. 1991-ci ildə orta təhsilini başa vurduqdan sonra, 1992-ci ildə Azərbaycan Kənd təsərrufatı İnstutunun "Zoomuhəndislik" fakultəsinin qiyabi şöbəsinə daxil olub və 1998-ci ildə bitirib. I Qarabağ müharibəsi başladığı zaman Yasən könüllü olaraq atası Əhmədov Yelmar Vəli oğlunun xidmət etdiyi könüllülər batalyonuna yazılıb və müharibədə atası ilə birgə iştirak edib. Milli Qəhrəman Allahverdi Bağırovun batalyonunda bir çox döyüşlərdə iştirak edib. Müharibədə olarkən, 1993-cü ilin aprelində Yasən Ağdam rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Müdafiə Nazirliyinin "N" saylı hərbi hissədə xidmət etməyə göndərilib. 

1994-cü ilin noyabr ayından etibarən Müdafiə Nazirliyinin birinci müavini -Silahlı quvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə Yasənə kiçik gizir hərbi rütbəsi verilməklə "N" saylı hərbi hissədə motoatıcı bölüyünün baş çavuşu vəzifəsinə təyin edilir. 1 il sonra həmin hərbi hissədə inzibati təsərrüfat hissəsi rəisi vəzfəsinə təyin edilir. Daha sonra, 1996-cı ildən 2002-ci ilə qədər kadrlar və nizami bölmənin məsul icraçısı vəzifəsində xidmət edir və həmin ildə xidmətini başa vurduqdan sonra ehtiyata buraxılır. 1997-ci il yanvar ayının 13-də kiçik gizir Yasən Əhmədova gizir rütbəsi verilir. 

2006-cı ilə qədər Ədliyyə Nazirliyinin 10 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi rəisinin kənd təsərrüfatı üzrə müavini vəzifəsində işləyir. Ancaq Vətən sevgisi, hərbi sənətinə olan sevgi və neçə ilin təcrübəsi yenidən onu hərbiyə qayıtmağa vadar edir. 2007-ci ildə yenidən Silahlı Qüvvələrdə xidmət etməyə başlayır.
Müxtəlif hərbi hissələrdə şəxsi heyət bölməsi rəisinin köməkçisi vəzifəsində xidmət edir. 2017-ci ildən 2020-ci ilin oktyabr ayının 22-nə qədər mühəndis istehkam bölüyünün baş texniki vəzifəsində xidmət edir. 2016-cı il oktyabr ayının 18-də gizir Yasən Əhmədova baş gizir rütbəsi verilir. Xidmət etdiyi dövrdə "Qüsursuz xidmətə görə" III dərəcəli, "Qüsursuz xidmətə görə" II dərəcəli, "Qüsursuz xidmətə görə" I dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilir. 

Müxtəlif hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edən baş gizir Yasən Əhmədov xidməti dövründə öz peşəkarlığı, etibarı ilə hər kəsin sevimlisi olmuş, dəfələrlə komandanlıq tərəfindən medal və fəxri fərmanla təltif olunur. Əfsanəvi "Murov Qartalı" ləqəbli Raquf Orucovun yaxın dostu, silah yoldaşı idi. 2017-ci ilin iyun ayından mühəndis istehkam bölüyünün baş texniki vəzifəsinə təyin olunaraq xidmətini "N" saylı hərbi hissədə davam etdirir. 27 sentyabr 2020-ci il tarixindən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində baş gizir Yasən ön xəttə yollanaraq ağır döyüşlərdə iştirak edir. Suqovuşan və Talış istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücat və qəhrəmanlıqlar göstərir.

Qəhrəman Yasən bir neçə yaralı hərbçilərimizi döyüş meydanından çıxarmaqla itkilərimizin çox olmamasına səbəb olur. Bununla yanaşı bir neçə şəhidimizin nəşini də döyüş meydanından çıxarır. Qəhrəman gizir oktyabr ayının 9-da Talış yüksəkliyində yaralanır. Naftalan Mərkəzi Xəstəxanasına gətirilərək orada əməliyyat olunur. Orada əməliyyat olunduqdan sonra Gəncə Şəhər Mərkəzi xəstəxanasına gətirilir. Vəziyyəti ağır olduğundan daha sonra oradan Bakı şəhərinə, "Yeni Klinika"ya gətirilir. 13 gün komada yatan baş gizir Yasən Əhmədov xəstəliyi ilə mübarizə aparsa da qalib gələ bilmir və ayın 22-də şəhadətə ucalır. Şəhidin nəşi Mingəçevir şəhərinə gətirilir və orada yerləşən "Şəhidlər Xiyabanı"nda böyük izdihamla torpağa tapşırılır. Şəhidimiz ailəli idi, ondan 2 oğlu  -Yunis və Yelmar adlı övladları xalqımıza əmanət qalır.

Şəhidin həyat yoldaşının dediklərinə görə, "Yasən 25 il şərəflə Azərbaycan Ordusunda xidmət etmişdir. Onu Azərbaycanda çox az adam olar ki tanımır. Öz etibarı, sədaqəti, hərbi savadı və peşəkarlığı ilə hərbçilər arasında xüsusi hörmət sahibi idi. Ləqəbi "Hərbinin arxivi" idi. Bütün bunlarla yanaşı Yasən vətənpərvərliyi ilə də hər kəsə örnək olacaq biri idi. Çox təəssüf ki, torpaqlarımızın işğaldan azad olunduğunu bilmədən şəhid oldu. Halbuki ən çox haqqı olanlardan biri idi. Çünki 1992-ci ildən bəri ancaq o azadlığı görmək ümidi ilə yaşayırdı. O, bu vətənpərvərliyini ailəsinə, övladlarına da aşılamışdı. Onun tanınmasını, unudulmamasını istəyirik. Cəmiyyətimizin belə insanları tanımasına ehtiyac böyükdür".

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Ağdam rayonunun Kosalı kəndində anadan olan baş gizir Yasən Yelmar oğlu Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                                   Ambur.az

Oxşar xəbərlər