Helikopter qəzasında yaralanan sərhədçilər evə buraxılıb

09 Dek 2021 13:54
152

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində yaralanaraq DSX-nin Hərbi Hospitalına yerləşdirilən hərbi qulluqçular - polkovnik-leytenant Emil Cəfərovla kapitan Ramin Ədilov evə buraxılıb.

Ambur.az bildirir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hərbçilər həkim nəzarəti altında müalicələrini ev şəraitində davam etdirəcəklər: "Hazırda onların səhhəti normaldır".

Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.
 

Oxşar xəbərlər