Hər iki Qarabağ müharibəsinin iştirakçısı şəhid baş leytenant Şükürov Samir

27 Fev 2021 23:08
1342

Samir Təyyub oğlu Şükürov 07 noyabr 1974-cü ildə Lerik rayonun Kəlvəz kəndində anadan olub. 6 qardaş 5 bacı olmaqla ailədə 13 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 1981-ci ildə Lerik rayon şəhid Fəxrəddin Şahbazov adına Kəlvəz kənd tam orta məktəbin 1-ci sinfinə gedib. Orta təhsilini başa vurduqdan sonra Lerik rayon Hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb. Xidmətini başa vurduqdan sonra Ali Hərbi məktəbə daxil olub və 1 il müddətində təhsil alıb. I Qarabağ müharibəsi başladığı zaman Samire zabit rütbəsi verilərək müharibəyə yola salınır. I Qarabağ müharibəsində fəal iştirak etmiş, müxtəlif istiqamətlərdə yüksək şücaət və qəhrəmanlıqlar göstərmişdir. 1996-cı ilədək müharibədə iştirak edən leytenant Şükürov Samir hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə görə baş leytenant rütbəsi alır və 1997-ci ildə ehtiyyata buraxılır. 2006-cı ildə ailə həyatı qurur və Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaşıllaşdırma sahəsində baş usta vəzifəsində işləməyə başlayır.

27 sentyabr 2020-ci ildə II Qarabağ müharibəsi başladığı zaman baş leytenant Samir Şükürov oktyabr ayının 25-də könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və döyüşə yollanır. Bir sıra yaşayış məntəqələrin, strateji yüksəkliklərin, düşmən postlarının alınmasında fəal işirak edir və yüksək qəhrəmanlıqlar göstərir. Düşmənə sinə gərərək xeyli sayda canlı qüvvəsini məhv edən baş leytenant Samir Şükürov noyabr ayının 8-də Şuşa şəhərinin azad olunması uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Şəhidin nəşi həmin ayın 10-u Bakı şəhərinə gətirilir və Xəzər rayonu Binə qəsəbəsində yerləşən "Şəhidlər Xiyabanı"nda torpağa tapşırılır. Şəhidimiz ailəli idi. 3 azyaşlı övladını xalqımıza əmanət qoydu. 

Şəhidin həyat yoldaşı Zümrüd xanım Samir haqqında belə xatırlayır: "Biz Samirlə 2006-cı ildə ailə həyatı qurmuşuq. Çox gözəl bir ailə başçısı idi. Samir özü 16 yaşında olarkən ata-anasını itirmişdi. Onun haqqında ancaq xoş sözlər demək olar. Vətənpərvər, zəhmətkeş, qayğıkeş biri idi. Ondan mənə 3 övlad əmanət qaldı. 2 oğul və 1 qız. Böyük oğlumuzun 9, qızımızın 6, kiçik oğlumun isə 4 yaşı var. Uşaqlarımızın yaşlarının az olması səbəbi, uşaqlarımızın gec olması idi. İllərlə uşaq həsrəti ilə yaşamışıq. Allahıma çox şükürlər olsun ki, illər sonra bizə ata-ana olmağı nəsib etdi. Nümunəvi bir ailəmiz var idi. Çox mehriban ömür sürürdük. 16 il idi ki, Hava Limanında yaşıllaşdırma sahəsində baş usta kimi işləyirdi. Öz işini çox sevirdi. Təbiəti, yaşıllığı çox sevirdi".

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Kəlvəz kəndində anadan olan baş leytenant Samir Təyyub oğlu Şükürov ölümündən sonra "Vətən müharibəsi iştirakçısı", "Xocavəndin azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                     Ambur.az
 

Oxşar xəbərlər