“Hər yaralanma, hər xəsarət əlillik demək deyil” - Polkovnik Şücaət Əliyev - MÜSAHİBƏ

26 Noy 2021 11:29
493

"O qazilər hamısı bilsinlər ki, onların hər biri mənə doğmadır, əzizdir. Onların bir çoxu ilə də elə döyüşlərdə birgə olmuşam. Əgər qaziyə əlillik dərəcəsi təyin edilməyibsə, deməli, onun sağlamlıq vəziyyəti ona əlillik dərəcəsi verilməsinə əsas vermir. Biz qanundan, dürüstlükdən kənara çıxa bilmərik. Hər yaralanma, hər xəsarət əlillik demək deyil".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza şöbəsinin müdiri, 17 il ön cəbhədə, səngərlərdə həkim kimi fəaliyyət göstərmiş, ehtiyatda olan polkovnik Şücaət Əliyev "Qafqazinfo"ya verdiyi müsahibəsi zamanı deyib. 

Ambur.az "Qafqazinfo"ya istinadən həmin müsahibəni təqdim edir:

- Siz həm də ehtiyatda olan polkovniksiniz. Belə olan halda, sizə Şücaət həkim, yoxsa cənab polkovnik deyə müraciət edirlər?
- Hər iki formada çağırırlar. Hər ikisinə öyrəşmişəm.

- Onda gəlin mən sizə cənab polkovnik deyim... Əvvəlcə haqqınızda daha ətraflı məlumat öyrənmək istərdik.
- 24 avqust 1969-cu ildə anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra 1987-1994-ci illərdə Tibb Universitetində təhsil almışam. Sonra ilk dövrlərdə Milli Onkologiya mərkəzində həkim kimi fəaliyyətə başladım. I Qarabağ savaşının başlamasından sonra 1992-1993-cü illərdə hərbi hissələrin birində hərbi həkim kimi fəaliyyətə başladım. Düşündüm ki, Vətənin belə çətin anında mən ön cəhbədə olmalıyam.

Buna görə də Onkologiya Mərkəzindəki karyeramı yarımçıq qoyaraq müharibəyə qatıldım. Ən çox Ağdam, Ağdərə istiqamətində gedən döyüşlərdə həm döyüşçü  kimi  iştirak edirdim, həm də həkim kimi yaralılara kömək edirdim. Sonra elə oldu ki, mən Ağdərə istiqamətində gedən döyüşlərdə yaralandım. Hospitalda müalicə aldıqdan sonra yenidən ön cəhbəyə qayıtdım və döyüşlərdə iştirak etdim.

Bir sıra hospitallarda xidmətlərimi davam etdirərək polkovnik rütbəsinə kimi yüksəldim. Hətta bəzi hospitalların rəisi vəzifəsində də çalışmışam, təxminən 8 ildən çox. Fəaliyyət dövrümdə həm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən, həm də Müdafiə Nazirliyi tərəfindən müxtəlif illərdə bir sıra medallarla – “Hərbi xidmətlərə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, ”Qüsursuz xidmətlərə görə”, Azərbaycan Ordusunun yaranması münasibəti ilə yubiley medalları ilə təltif olunmuşam.

- Hansı döyüşlərdə iştirak etmisiniz? Təxminən nə qədər insanın həyatını xilas etmisiniz?
- Çox döyüşlərdə olmuşam. I Qarabağ, Aprel döyüşləri, Vətən müharibəsi. Fəaliyyətimin 17 ildən çoxunu ön cəhbədə olmuşam. Bu müddət ərzində yüzlərlə insanın həyatını xilas etmişəm. Hətta bir dəfə bir qazimizi əməliyyat otağına aparırdıq. Çox qan itirmişdi. İnanırsız ki, o, yaralı-yaralı, ağır vəziyyətində belə, Azərbaycan Himnini oxumağa başladı. O an mənim heç vaxt yaddaşımdan silinməyəcək.

- Siz hazırda Vətən müharibəsi iştirakçılarının, eləcə də 90-cı illərin Qarabağ döyüşlərində iştirak etmiş və əlillik müddəti bitən qazilərin əlilliyinin qiymətləndirilməsini aparırsınız. Bu proses sizə çətin gəlirmi?
- Deməzdim çətindir, amma çox məsuliyyətlidir. İlk növbədə bütün komissiya üçün vacib prinsip qiymətləndirməni ədalətli aparmaqdır. Burda hər şeydən əvvəl vicdan məsələsi də var, bu işə vicdanla yanaşırıq. Özüm müharibələrdə iştirak etmiş adamam, hərbi hospitallarda çalışmışam. Bilirəm, hərbi travma nədi, necə baş verir. Bilirəm ki, hansı hallarda yaralanma əlillik dərəcəsinə düşür.

Həm də əlilliyin qiymətləndirilməsi qanunvericiliklə tənzimlənir axı. Əgər vətəndaşın hazırkı vəziyyəti əlillik səviyəsindədirsə, ona qanunauyğun olaraq, I, II, III qrup təyin edilir. Vətən müharibəsindən sonra komissiyamız bu istiqamətdə çox fəal iş aparıb, artıq 2200 qazimizə də əlillik dərəcəsi təyin edilib. İşlər indi də davam edir. Əlillik təyinatları ilə bağlı verilən qərarlar tam şəffaf və obyektivdir.

- Amma əlillik dərəcəsi almayanlar və buna görə inciyənlər də olur...

- O qazilər hamısı bilsinlər ki, onların hər biri mənə doğmadır, əzizdir. Onların bir çoxu ilə də elə döyüşlərdə birgə olmuşam. Əgər qaziyə əlillik dərəcəsi təyin edilməyibsə, deməli, onun sağlamlıq vəziyyəti ona əlillik dərəcəsi verilməsinə əsas vermir. Biz qanundan, dürüstlükdən kənara çıxa bilmərik. Hər yaralanma, hər xəsarət əlillik demək deyil. Əgər əlillik dərəcəsi təyin etmək qanuna uyğun deyilsə, verilmir, imtina qərarı verilir.

Bəzən şəxs hesab edir ki, ona mütləq əlillik dərəcəsi təyin edilməlidir, halbuki hələ müalicə müddəti davam edir, müalicə müddəti bitməlidir ki, mülicənin nəticələri təhlil olunsun, əlillik dərəcəsi verilib-verilməyəcəyinə dair qiymətləndirmə aparılsın.

- Bəzən mətbuatda hansısa imtina qərarı ilə bağlı düzgün olmayan məlumatla rastlaşanda, döyüşlərdə iştirak etmiş bir hərbçi kimi, yüzlərlə döyüşçünün həyatını xilas etmiş bir həkim kimi nə hisslər keçirirsiz?
- Vətənimi sevirəm, xalqımı sevirəm, peşəmi sevirəm və mən hər bir işimi vicdanla görürəm. Ona görə də, kimin nə deməsindən asılı olmayaraq, vicdanım rahatdır. Düşünürəm ki, əsl vətənpərvər insan kiminsə üstünə şər atmamalıdı, kiminsə haqqına girməməlidi və ən əsası ədalətli olmalıdır. Hamı bilməlidir ki, biz bu Vətənin övladlarıyıq, onun suyunu içirik, nemətini yeyirik və hər zaman təmannasız Vətənimizi müdafiə etməliyik.

Oxşar xəbərlər