Hidayəti Elmas-GÜLƏSƏN

13 Yan 2021 17:28
14

Düşmən yenə ayaq aldı üstümə,
Yanmamışam,aldanıbdır tüstümə.
Gün gələcək baş əyəcək büstümə
Sındırdığın cismim olub, biləsən,
Allah qoymaz, bir də mənə güləsən.


Barış yoxdur, bir batmandır günahın,
İmdad dilə, Allah olsun pənahın.
Çox güvənmə, açılarmı sabahın?
Əlac odur, yaddaşımı siləsən,
Allah qoymaz, bir də mənə güləsən.


Hər gecənin gündüzü var, nuru var,
Məzlumun də əqidəsi,yolu var.
İlahidən imdad uman qolu var
İmanını verdin artıq yelə sən,
Allah qoymaz, bir də mənə güləsən.


Səhvim olub, çox gümanda yanıldım,
Uşaq kimi hamını pak sanırdım.
Aldanırdım, bunu sonra qanırdım
"Günahım" bu, çox da qalxma zilə sən,
Allah qoymaz, bir də mənə güləsən.

                              Elmas HİDAYƏTİ_09.01.2021

Oxşar xəbərlər