“Hökumət adamlarına inanmamağı ancaq cahillik adlandırmaq olar”

24 Avq 2021 18:40
275

“İnsanlar dezinformasiya və şayiələrə daha çox inanır, nəinki dövlət adamlarına”.

Ambur.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı “Toplum” TV-yə açıqlamasında deyib.

O bildirib ki, ictimai nəzarəti gücləndirmək lazımdır:

“Prezidentin köməkçisi danışır, Səhiyyə Nazirliyi və TƏBİB-in rəhbərliyi danışır, deputatlar danışır. İnsanlar bizə inanmır və bu da mənə elə gəlir ki, cahillikdən irəli gəlir. Rəsmi hökumət adamlarına inanmamağı ancaq XXI əsrin cahilliyi adlandırmaq olar”.  

Deputat onu da qeyd edib ki, hökumət qlobal səviyyədə nəzərdə tutulan bütün tədbirləri həyata keçirib:
“Əgər siz Amerikaya da baxsanız, bundan başqa metod olmadığını görəcəksiniz. Dünya ölkələri öz təcrübəsini bir-biri ilə bölüşür. İnsanların inanması üçün başqa bir yol yoxdur. Bu artıq insanların intellekti və şüurundan asılıdır. Bir də məsuliyyətindən”.  

Deputat M.İbrahimqızı daha sərt tədbirlərin tərəfdarıdır, saxta vaksin sənədi verənlərin hərəkətini isə cinayət kimi qəbul etməyin zəruri olduğunu vurğulayıb:
“Əgər bununla bağlı qanunvericilikdə boşluq varsa, bunu bir az da gücləndirmək lazımdır. Vaksin olunmaqdan birbaşa imtina edən şəxslər ev həbsində qalmalıdır və onları iş yerlərinə də buraxmaq olmaz. Dünyada, ölkəmizdə bu xəstəliyin kökü kəsilənə qədər vaksin olunmaq istəməyənlər ev dustaqlığından buraxılmamalıdır”.  

M.İbrahimqızı saxta COVID-19 pasportlarının satılmasında heç bir nəzarətsizlik və korrupsiya hallarının olmadığını deyib:
“Bu, cinayətdir. DİN, ASAN Xidmət, TƏBİB, prezidentin köməkçiləri - hamı səfərbər olunub. Sadəcə olaraq bu işi görən insanlar yaramazdırlar. Rüşvətlə bu işi törədənlər sağlamlığımıza, demoqrafiyamıza qarşı xəyənət edənlərdir”.

Oxşar xəbərlər