İbrahim və Mədinənin gözlərini yolda qoyan şəhid ata - Əlizamin Mustafalı

06 May 2021 14:04
792

Əlizamin Valeh oğlu Mustafalı 13 iyul 1997-ci ildə (şəxsiyyət vəsiqəsində 01.09.1997 göstərilib) Beyləqan rayonunda anadan olub. 1 bacı və 1 qardaş olmaqa ailədə 4 nəfər olublar. Uşaqlıq illərinin 5 ilini Beyləqan rayonunda, daha sonra Sumqayıt şəhərində keçirib. 2003-cü ildə Sumqayıt şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib. 2012-ci ildə 9-cu sinfi başa vurduqdan sonra Sumqayıt şəhər 3 saylı Peşə Məktəbində təhsilini davam etdirib. 2015-ci ildə təhsilini başa vurur və həmin ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılır və Gədəbəy rayonunun İsalı kəndində yerləşən "N" saylı hərbi hissəyə göndərilir. Xidmətini uğurla başa vuran Əlizamin 2017-ci ildə evinə, ata-anasının yanına qayıdır. Ailəsinə kömək etmək məqsədilə bir çox işlərlə məşğul olmağa başlayır. 

Əlizamin Mustafalı 2020-ci ilin "Tovuz döyüşləri" zamanı Milli Qəhrəman, general-mayor Polad Həşimovun şəhid olması xəbərinə çox kövrəlir və müharibədə iştirak etmək üçün Hərbi komissarlıqdan könüllü olaraq qeydiyyatdan keçir, lakin döyüşə göndərilmir. 27 sentyabr 2020-ci ildə II Qarabağ müharibəsi başladığı zaman yenidən könüllü olaraq qeydiyyatdan keçir. Nəhayət Əlizaminin səbirsizliklə gözlədiyi məqam gəlib çatır və həmin ayın 29-da Sumqayıt şəhər Hərbi komissarlığı tərəfindən döyüşə yola salınır. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iştirak edir, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir.

Qəhrəman Əlizmin daha sonra Hadrut istiqamətində gedən döyüşlərə qatılır və düşmənə sinə gərir. Adını qızıl hərflərlə tarixə yazan Əlizamin oktyabr ayının 21-də Hadrut istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi Sumayıt şəhərinə gətirilir və orada yerləşən "Şəhidlər Xiyabanı"nda böyük izdihamla torpağa tapşırılır. Şəhidimiz ailəli idi, ondan iki azyaşlı -5 yaşında İbrahim adlı oğul və 3 yaşında Mədinə adlı qız övladı xalqımıza əmanət qalır.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əlizamin Valeh oğlu Mustafalı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                             Ambur.az

Oxşar xəbərlər