İkinci Qarabağ müharibəsi qazisi Rauf Salayev

02 Sen 2021 10:53
232

Rauf Yasər oğlu Salayev 1985 -ci ildə Lənkəran şəhərində anadan olub. 1991-2002 -ci illərdə Lənkəran şəhər Teymurbəy Bayraməlibəyov adına 2 saylı orta məktəbdə təhsil alıb. 2003 -cü ildə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin Gömrük işinin təşkili və idarəetməsi ixtisasına qəbul olub. 2006 -cı ildə təhsilini donduraraq hərbi xidmətə yollanmışdır. Olduğu hərbi hissədə baş çavuş kimi həkim köməkçisi vəzifəsini icra etmişdir. 2008 -ci ildə hərbi xidməti bitirərək ali təhsilini davam etdirmişdir. 2010 -cu ildə həmin universiteti bitirmişdir. 9 il dərman şirkətində 7 rayon üzrə satış meneceri vəzifəsində çalışmışdır. Hələ 2013 -cü illərdə Vətən haqqında yazdığı şerlər onu erməni işğalçılarının zəbt etdiyi torpaqlarımızı müdafiəyə çağırırdı. 2020 -ci il iyul ayının 14-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimov şəhid olarkən qəti qərara gələrək iyul ayının 16-da Lənkəran şəhər Hərbi komissarlığına gedir və özünü könüllülər siyahısına yazdır. 35 yaşı olduğuna görə onu aparmırdılar. Nəhayət sentyabr ayının 28-də israrla hərbi biletinə möhür vurdurur. 

Həmin ayın 29 -da Ağcabədi rayonundakı "N" saylı hərbi hissəyə yollanır. Tank əleyhinə idarə olunan raket üzrə, həm də tibbi savadı olmaqla yanaşı, NSVP adlı pulemyotun istifadəsini də mənimsəyir. Oktyabr ayının 02-də Füzuli rayonuna yollanır. Cəbrayılda olarkən tabor komandiri "Canavar" ləqəbli polkovnik leytenant Rəşad Quliyevin şəhid olmağı onu düşmənə qarşı daha da qəzəbləndirir. Öz şücaəti ilə döyüş yoldaşlarının və komandirlərinin yanında rəğbət qazanır. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevdən əhsən sözünü eşitmək isə onun ən böyük sevinci olur. Bundan sonra daha da ürəklənərək düşmənə qarşı dayanmadan hücuma keçir. Hətta Xüsusi Təyinatlı Dəstələrdən də özünə dost qazanır. Həm özünə, həm döyüş yoldaşlarına psixoloji dəstək olmaqla yanaşı, yaralıların da yardımına qaçır, onların təxliyyəsinə kömək edir. Heç bir işdə geri qalmadığı üçün komandirlərin sevgisini qazanır. Döyüşdə yaralansa da 1 həftə ərzində təkrar döyüş yoldaşlarının yanına qayıdır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında vuruşmuş, Şuşa və Xocavəndin müdafiəsində olmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Rauf Yasər oğlu Salayev "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə","Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilir. Ailəlidir, 2 övladı var.

Allahverən Pərvizoğlu
Ambur.az

Oxşar xəbərlər