“İkinci Qarabağ müharibəsində şəhid olmuş insanların yaxınlarına həm maddi dəstək göstərilməlidir, eyni zamanda...“- İlham Əliyev

11 Noy 2020 16:55
111


“İndi həyatımızda yeni dövr başlayır. Bu dövr ölkəmizin xoşbəxt gələcəyini təmin edəcək. Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar”.

Ambur.az xəbər verir ki,  bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib. 

Dövlət başçısı bildirib ki, bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımı tədbirlər görüləcək: 

“Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq”.

Prezident əlavə edib ki, şəhid ailələrinin problemləri öz həllini tapacaq: 

“Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir”.
 

Oxşar xəbərlər