İldırım Şükürzadə - KİJƏBƏ TOPONİMİ

10 Sen 2020 10:06
550

Kijəbə Astara rayonunun yaşayış məntəqələrindən biridir. 21 yanvar 1966-cı ildə qəsəbə statusu almış və Astaranın iki qəsəbəsindən (digəri Ərçivandır, 2012) biri sayılır. Qəsəbə Astara şəhərindən 14 km şimal-qərbdə, Lənkəran ovalığında yerləşir. Əhalisi 4500 nəfərdən çoxdur.
Kijəbə talış dilində zootoponim (heyvan, quş adı ilə bağlı yer adı) və eyni zamanda şəffaf toponimdir (mənası aydın olan yer adı). 
Tədqiqatçı-tarixçi Musarza Mirzəyev yazır:  "Kijəbə - "kijə"-quş, "bə" - qapı deməkdir. Tarix elmləri doktoru Seyidağa Onullahi "Kijəbəni" Kijə ləqəbli tarixi şəxsiyyətin adı ilə əlaqələndirir" (Talış toponimlərinin qısa izahlı lüğəti. B., 1993, səh. 15).
"Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti" kitabında oxuyuruq:  "Yaşayış məntəqəsi adı talış dilindəki kijə "toyuq", "quş" və oba "kənd" komponentlərindən ibarətdir" (Budaq Budaqov, Nadir Məmmədov. B., 2008, səh. 67).
"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti" kitabında isə Kijəbə toponimi haqqında məlumat aşağıdakı şəkildə verilmişdir:  "Oykonim talış dilində "kijə" (cücə) və "oba" komponentlərindən düzəlmiş, "cücə obası" və ya "kijə" (quş) və "bə" (qapı) sözlərindən düzəlmiş, "quş damı" mənası ilə bağlayırlar. Bu oykonimi Kijə ləqəbli tarixi şəxsiyyətin adı ilə də əlaqələndirirlər"  (I cild. B., 2007, səh. 401).
Göründüyü kimi Kijəbə toponimi talış dilində "quş qapısı", "quş obası", "cücə obası" və "quş damı" mənalarında izah edilir və eyni zamanda Kijə ləqəbli şəxsin adı ilə əlaqələndirilir. 
Fikrimcə, toponimin ilkin variantı Kijəobə olmuşdur. Sonradan "o" hərfi fonetik cəhətdən assimilyasiyaya uğrayaraq Kijəbə şəklinə düşmüşdür. Burada "kijə" cücə yox, quş mənasında işlənir. Beləliklə, Kijəbə "kijə" - quş və "obə" - oba komponentlərinin birləşməsindən yaranaraq, Azərbaycan dilinə tərcümədə "quş oba", "quş olan oba" mənasını verir. Görünür, bu ərazidə vaxtilə çöl quşları çox olduğundan oykonim Kijəobə/Kijəbə adlandırılmışdır. 
Bu qəbildən olan toponimlərə misal olaraq Şabnobə (Şabno+bə), Osyobə (Osyo+bə) - (Lənkəran r., Havzava kəndi), Abbasbə, Həsənbə, Həmidbə, Kərimbə, Qulubə, Vılonbə (Lənkəran r., Kərgəlan kəndi), Məlobə (Məlo+bə) - (Lənkəran r., Vilvan, Boladi kəndləri), İbrombə (Lənkəran r., Mamusta kəndi), Mondiqobə (Lənkəran r., Ləj kəndi) və digər mikrotoponimləri göstərmək olar.
Toponimin Kijə şəxs adı ilə əlaqələndirilməsi isə heç də inandırıcı görünmür. XIII əsrin böyük sufi alimi Seyid Cəmaləddinin (Astara r., Pensər kəndi) ən sevimli və tanınmış tələbələrindən birinin Kijəpurə Məhəmməd olması məlumdur. Kijə dedikdə bəlkə də Kijəpurə Məhəmməd nəzərdə tutulur.Belə olduğu təqdirdə toponim Kijəobə/Kijəbə deyil, Kijəpurə adlanmalı idi.

İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

P.S. "Bə" talış dilində qapı mənasında da işlənir. Məsələn, kəybə (kəy + bə) bıjən - qapını ört.
 

Oxşar xəbərlər