İnzibati məsuliyyətə cəlb olunmuş hərbçilər də dövlətə vurulmuş ziyanı ödəyəcək

16 Sen 2022 11:11
680

Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən dövlətə vurulmuş ziyan onların həmin ziyana səbəb olmuş hərəkətlərinə (hərəkətsizliyinə) görə artıq inzibati məsuliyyətinə cəlb olunub-olunmamasından asılı olmayaraq ödəniləcək.

Ambur.az xəbər verir ki, bu, bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən dövlətə vurulmuş ziyan onların həmin ziyana səbəb olmuş hərəkətlərinə (hərəkətsizliyinə) görə intizam və yaxud cinayət məsuliyyətinə cəlb olunub-olunmamasından asılı olmayaraq ödənilirdi.

Həmçinin, dövlətə ziyan vurmuş şəxs inzibati məsuliyyətə cəlb edildiyi halda komandir (rəis) bu şəxsə ödənilməmiş ziyanın bütün miqdarı həcmində mülki iddia verməli olacaq. İndiyə qədər dövlətə ziyan vurmuş şəxs cinayət məsuliyyətinə cəlb edildiyi halda komandir (rəis) bu şəxsə ödənilməmiş ziyanın bütün miqdarı həcmində mülki iddia verməli idi.

Oxşar xəbərlər