İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə danışıqları davam etdirəcək

12 Sen 2021 16:21
35

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Tehrana səfəri zamanı İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ilə görüşüb.

Ambur.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş jurnalistlər üçün qapalı şəraitdə keçirilib. Görüşdən sonra açıqlama verən R.Qrossi diqqətə çatdırıb ki, danışıqlar zamanı texniki məsələlər müzakirə olunub. Onun sözlərinə görə, İran ilə AEBA əməkdaşlığı davam etdirməlidir. Növbəti görüş Vyanada keçiriləcək və daha əhatəli məsələlər müzakirə olunacaq.

M. İslami isə bildirib ki, rəsmi Tehran danışıqların davam etdirilməsində maraqlıdır və AEBA ilə əməkdaşlıq əlaqələri də davam edəcək.

Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhriz Kamalvənd AEBA-ya əvvəlcə əldə olunan razılaşmadan kənar nüvə obyektlərində monitorinq aparılmasına icazə verməyəcəyini bildirib. Məsələ burasındadır ki, 2015-ci ildə İran AEBA-ya obyektlərdə monitorinq aparılmasına icazə vermiş və bunun müqabilində sanksiyaların aradan qaldırılmasını tələb etmişdi. Bu məsələ ABŞ ilə də razılaşdırılmışdı. Lakin AEBA İranın nüvə obyektlərinə baxış keçirməsinə baxmayaraq, heç bir sanksiya aradan qaldırılmadı.

Xatırladaq ki, 2 həftədən sonra Vyanada AEBA-nın konfransı keçiriləcək. Konfransada İranın nümayəndə heyətinə yeni sədr M. İslami rəhbərlik edəcək.

İran nüvə proqramını elmi və tibbi məqsədlərlə həyata keçirdiyini bəyan etsə də, ABŞ rəsmi Tehranı kütləvi qırğın silahı hazırlamaqda ittiham edir. AEBA isə İranın bir sıra nüvə obyektində monitorinq aparsa da, nüvə silahının hazırlanmasına dair sübut tapa bilməyib.

Oxşar xəbərlər