İran XİN nüvə sazişinin bərpası ilə bağlı danışıqların başlayacağını bildirib

30 Sen 2021 15:35
214

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Avropa və ABŞ tərəfinin danışıqlara qayıtmaqla bağlı çağırışlara cavab olaraq, bu müzakirələrin hökmən başlayacağını bildirib.

Ambur.az SalamNews-a istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bunu Fransa mətbuatına açıqlamasında deyib.

Avropa tərəfinin İranı danışıqlara qayıtması çağırışlarına münasibət bildirən S.Xətibzadə ölkəsinin müzakirələrə qayıtması üçün bir sıra addımların atılmasının zəruri olduğunu bildirib.

Onun sözlərinə görə, İran nüvə sazişinin bərpası ilə bağlı danışıqlara hökmən qayıdacaq, lakin yeni hökumət iş başına gəldiyindən müzakirələrin gedişatı yeni administrasiya tərəfindən dəqiq araşdırılmalı və öyrənilməlidir.

O, həmçinin son ildə məsələ ilə bağlı altı tur danışıqların keçirilməsinə diqqət çəkib və bu danışıqların nəticə verməməsində qarşı tərəfi təqsirləndirib.

Xatırladaq ki, ABŞ, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli şəkildə çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. Sazişdə qalan Avropa dövlətləri neftin satışı və maliyyə köçürmələrilə bağlı İrana verdikləri vədə əməl edə bilmədikdən sonra rəsmi Tehran da sazişdə olan öhdəliklərini tədricən azaltmağa başlayıb. Ötən ildə İranın Nətənz nüvə obyektinə qarşı təxribat və bir nüvə aliminin terror edilməsindən sonra İran sazişdə olan öhdəliklərini daha da azaldıb və uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işlərinə başlayacağını, nüvə obyektlərində olan kameraların çəkilişlərini məhdudlaşdırdığını və sair addımları atdığını bildirib.
 

Oxşar xəbərlər