Lənkəran və Astara rayonlarında narkotiklə məşğul olan 9 nəfər saxlanılıb

18 Avq 2021 16:45
83

Lənkəran və Astara rayonlarında narkotik vasitəsi dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. 

Ambur.az xəbər verir ki, Lənkəran polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı kənd sakini Mərhəmət Kazımov 20 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən saxlanılıb.

Daha sonra polis əməkdaşları şübhəlinin yaşadığı evə baxış keçiriblər. Evin həyətindən 1 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Həmçinin həyətdəki yarımçıq tikilidəki sandığın içərisindən torbalarda və 133 ədəd kibrit qutusunda ümumilikdə 5 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Lənkəran şəhərində narkotik maddələrin dövriyyəsi ilə məşğul olan Şahin Ağayev və Ramil Quluzadə də saxlanılıb. Şahin Ağayevin yaşadığı evdən ümumi çəkisi 74 qram olan heroin, metamfetamin, Ramil Quluzadədən isə 2 kiloqram 322 qram marixuana aşkar edilib.

Astaranın Şahağacı kəndində keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Əlibala Məmmədov, Fazilə Rzayeva, Şəhruz Quliyev, Ramin Ağayev, Şəhriyar Mirzəyev və İsmayıl Mirzəyev tutulublar. Dəstə üzvlərinin hər birinin üzərindən və yaşadıqları evlərdən ümumi çəkisi 316 qram olan heroin və metamfetamin aşkar edilib.

Oxşar xəbərlər