Lənkəranda şəhid kəşfiyyatçının anım mərasimi keçirilib

03 Noy 2021 14:58
289

Bu gün Lənkəranda şəhid Mehdizadə Əlinin anım mərasimi keçirilib.

Ambur.az-ın xəbərinə görə, mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Lənkəran Şəhər İcra nümayəndəliyi iştirak edib. Şəhidin məzarı ziyart edilib, məzarı öündə gül dəstələri qoyulub və ruhuna dualar oxunulub. İcra başçısı Taleh Qaraşov şəhidin ailəsinə baş çəkib, şikayətləri ilə maraqlanıb.

Qeyd edək ki, Əli Məcid oğlu Mehdizadə 15 avqust 2001-ci ildə Lənkəranda anadan olub. Orta təhsili başa vurduqdan sonra Lənkəran rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Mehdizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərərək düşmənə qarşı vuruşmuş və xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Cəbrayıl istiqamətində çiynindən qəlpə yarası almış və hospitala yerləşdirilmişdir. Müalicəsi bitdikdən sonra yenidən döyüşə yollanmışdır. Əli Mehdizadə 1 noyabr 2020-ci ildə axşam saatlarında Şuşa döyüşləri gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Şəhidin nəşi Lənkərana gətirilmiş və şəhidlər üçün ayrılmış xüsusi yerdə torpağa tapşırılmışdır.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, kəşfiyyatçı Əli Məcid oğlu Mehdizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Şücaətə görə" və "Vətən uğrunda" medallarıı ilə təltif edilmişdir. 

Allah rəhmət eləsin!
 

Oxşar xəbərlər