Lənkəranda şəhid Mirxəyal Kərimzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib

18 Okt 2021 22:45
85

Dünən Lənkəran şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyət göstərən M.Kələntərli adına Sənətkarlıq Klubu ilə Həqiqət Rzayeva adına Yaradıcılıq Evi birlikdə şəhid Mirxəyal Kərimzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib. 

Ambur.az-ın məlumatına görə, Tədbir Həqiqət Rzayeva adına Yaradıcılıq Evində keçirilib. Tədbirdə şəhidin anası Elnarə xanım, M.Kələntərli adına Sənətkarlıq Klubunun müdiri Xatirə Qənbərova, M.Kələntərli adına Sənətkarlıq Klubunun mədəni təşkilatçısı Tuğra Şirinova, Lənkəran şəhər 27 saylı kitabxananın müdiri Nailə Əliyeva,  Lənkəran şəhər 9 nömrəli tam orta məktəbin müəllim kollektivi, Vətən müharibəsi Veteranlar İctimai Birliyinin sədr əvəzi Saleh Dostiyev və başqa qonaqlar iştirak edib. İlk olaraq Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra iştirakçılar ayrı-ayrılıqda çıxış edib.   

Daha sonra ictimai fəal, gənc müğənni Allahverən Pərviz oğlu və Aşağı Nüvədi kənd Sənətkarlıq evinin müdiri Vüsal Bağırov şəhidlər haqqında mahnılar ifa edib. Bundan başqa M.Kələntərli adına Sənətkarlıq klubunun bədii qiraət dərnəyinin üzvlərinin şəhidlər haqqında şeirlər səsləndirib.

Tədbirin sonunda klubun Şəhid Mirxəyəl Kərimzadə haqqında hazırladığı video çarx təqdim olunub.

Qeyd edək ki, Mirxəyal Valeh oğlu Kərimzadə 10 yanvar 1999-cu ildə Lənkəran şəhərində anadan olub. Orta təhsilini Lənkəran şəhər 9 saylı, daha sonra Lənkəran şəhər 7 saylı tam orta məktəbində alıb. 2016-ci ildə orta təhsilini başa vurduqdan sonra kompüter kursunda təlim alır. Son zəngində "Ana, mən şəhid oldum" mahnısını ifa edir. 2017-ci ildə Mirxəyal Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə ağır artilleriya bölüyündə atıcı kimi xidmət etməyə başlayır. 2018-ci ildə xidmətini başa vurduqdan sonra evinə, ata-anasının yanına qayıdan Mirxəyal kompüter texnologiyaları mütəxəssisi kimi çalışmağa başlayır. 

2020-ci ilin sentyabr ayının 27-də II Qarabağ müharibəsi başladığı zaman Mirxəyal həmin ayın 28-də könüllü olaraq müharibədə iştirak edir. Murovdağ, Füzuli, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iştirak edir və böyük qəhrəmanlıqlar göstərir.

Noyabr ayının 3-də, səhər saatlarında Xocavənd uğrunda gedən ağır döyüşlərdə Mirxəyal yaralanmış komandirini və bir neçə döyüş yoldaşını döyüş meydanından çıxararaq onlara ilk tibbi yardım göstərir. Zirehli üst geyimini çıxararaq yaralı komandirinin üstünə atır, onun həyatını xilas edir və yenidən döyüşə davam edir. Bir neçə dəqiqə sonra düşmən tərəfindən 5.45 çaplı silahla açılan atəş Mirxəyalın qarın boşluğuna dəyir və qəhrəmancasına şəhid olur. Şəhidin nəşi həmin ayın 9-da doğulub, boya-başa çatdığı Lənkəran şəhərinə gətirilir və böyük izdihamla torpağa tapşırılır. Ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin!

Oxşar xəbərlər