Lənkəranda Stalinin məhbus həyatı yaşadığı qala qəzalı vəziyyətdədir - VİDEO

16 İyl 2022 13:15
133

Lənkəranın əsas simvollarından və tarixi abidələrindən biri olan Dairəvi qala illərdir ki, qəzalı vəziyyətdədir. Əgər təmir-bərpa işləri aparılmasa, əsrlərə şahidlik edən tikili tarixə qovuşacaq.

Ambur.az Oxu.az-a istinadən xəbər verir ki, general Fikrət Məmmədov küçəsində yerləşən tarixi abidə Lənkəran qalası ilə eyni vaxtda, təqribən 1747-1786-cı illərdə inşa edilib. Dairəvi qala 1869-cu ilə kimi bölgədə baş verən müharibələrdə mühüm müdafiə məntəqəsi rolunu oynayıb. Ərazinin rus qoşunları tərəfindən işğalından sonra ümumi qala divarları dağıdılıb. Qaladan həbsxana kimi istifadə edilib və hətta İosif Stalinin də məhbus həyatı yaşadığı bu qala el arasında “Zindan qala” kimi də tanınır.

Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunaraq, ölkənin memarlıq abidələri siyahısına daxil edilən Dairəvi qalada 2006-cı ildə təmir-bərpa işləri aparılıb. Lakin 2015-ci ildə normadan artıq qarın yağması nəticəsində qalanın dam örtüyü sıradan çıxıb, 3-cü mərtəbəsi qəzalı vəziyyətə düşüb. O vaxtdan qar və yağış suları qalanın içinə yağır.

Turizmin inkişafı üçün ölkəmizdə tarix və mədəniyyət abidələrinin mühafizəsi, bərpası, təmiri işləri mühüm əhəmiyyət kəsb edir. Dairəvi qala göz önündə olan abidələrdən biridir və yerli sakinləri uzun illərdir ki, Dairəvi qalanın nə vaxt təmir olunacağı maraqlandırır.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, dövlət büdcəsindən vəsait ayrılandan sonra qalada təmir-bərpa işlərinə başlanılacaq.

Daha ətraflı Baku TV-nin süjetində: 

Oxşar xəbərlər