Lənkəranda tank qoşunları general-mayoru Həzi Aslanovun anım günü ilə bağlı tədbir keçirilib - Fotolar

24 Yan 2022 17:01
181

Bu gün Lənkəranda görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun anım günü ilə bağlı tədbir keçirilib. 

Ambur.az xəbər verir ki, qəhrəmanın ev-muzeyində keçirilən tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Vətən müharibəsi qaziləri, əsgərlər, kursantlar və zabitlər, mədəniyyət və təhsil işçiləri, məktəblilər, ictimaiyyətin təmsilçiləri iştirak ediblər. Əvvəlcə dünyaca məşhur generalımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Muzeyin direktoru Cəmilə Şərifova tədbiri giriş sözü ilə açaraq qəhrəmanın şərəfli və mənalı həyat yolundan, döyüş zamanı göstərdiyi şücaətindən, mərdliyindən danışıb. Bildirib ki, muzeyin qapıları ziyarətçilərin üzünə hər gün açıqdır: 
“Lənkərana gələn qonaqlar mütləq bu muzeyi ziyarət edirlər. Mən inanıram ki, bura gələn hər bir kəs Həzi Aslanovun şücaətindən, həyat yolundan örnək götürürlər”. 

Daha sonra çıxış üçün söz Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazova verilib. O, vurğulayıb ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlıq rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir: 
“Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirərək hərb salnaməsində yeni parlaq səhifələr yazıb. Ümummilli Lider Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalayıb. Bu diqqət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Ş.Şahbazov çıxışının sonunda qəhrəmanlarımıza həsr olunmuş silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Mərasimdə Lənkəran Regional Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə, Həzi Aslanov qəhrəmanlıq məktəbinin davamçıları və digər iştirakçılar mövzu ətrafında çıxışlar ediblər. Şagirdlərin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səslənib. 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən Muzeyin direktoru Cəmilə Şərifova başda olmaqla bir neçə fəal mədəniyyət işçilərinə fəxri fərmanlar təqdim olundu.

Mərasimin sonunda xatirə şəkilləri çəkilib.

Oxşar xəbərlər