LƏNKƏRANDA TƏNGİVAN ADINDA NEÇƏ KƏND VAR?- Tədqiqatçı-tarixçi İldırım Şükürzadə

22 Sen 2021 12:33
270

Respublikamızda 4500-dən çox yaşayış məntəqəsi (kənd, qəsəbə, şəhər) vardır. Yaşayış məntəqələrini ünvan olaraq tanımaqdan ötrü onlların girəcəyində üzərində adı yazılan lövhə vurulur və ya giriş qapıları hörülür. 

Bir neçə gün öncə Lerik rayonunun Bırkandul kəndinə gedərkən (Girdəni kəndi tərəfindən İpək yolu ilə) Lənkəranın bu istiqamətdə yerləşən Qurunba, Narbağı (Ənoəboğ), Rvo, Mollakənd (Məlodi), Əşlə, Siyablı (Siyobili), Şovu və Təngivan kəndlərini keçməli olduq.  Lənkəran-Lerik yolunda yerləşən bu kəndlərdə yol boyu "Qurunba", "Narbağı", "Rvo", "Mollakənd", "Əşlə", "Siyablı", "Şovu" lövhələri ilə yanaşı qəribə də olsa "Aşağı Təngivan", "Yuxarı Təngivan" və "Təngivan" lövhələri də vurulmuşdur. 
Buradan haqlı olaraq belə bir sual yaranır - Lənkəranda Təngivan adında neçə kənd vardır?
İlk olaraq qeyd edək ki, hal-hazırda Lənkəran rayonunda 93 yaşayış məntəqəsi vardır ki, bunun 2-si şəhər (Lənkəran, Liman), 7-si qəsəbə (Nərimanabad, İstisu, Haftoni, Hirkan, Gərmətük, Aşağı Nüvədi , Balıqçılar), 84-ü kənddir. Bu yaşayış məntəqələri sırasında Aşağı Təngivan, Yuxarı Təngivan yox, tək Təngivan adında kənd vardır. 

Təngivan Lənkəranın Lerik rayonu ilə sərhəddə yerləşən sonuncu kəndidir. Şovu kənd inzibati ərazi dairəsinin tərkibinə daxildir. Ərazisi 168 hektar, əhalisi 1000 nəfərə yaxındır. Kənd Talış dağlarının ətəyində və Lənkəran çayının (Vazəru) sahilində yerləşir. Lənkəran çayı (Vazəru) kəndin ərazisindən keçməklə kəndi sağ və sol sahilə ayırır. 

Toponim (yaşayış məntəqəsi) talış dilində Tanqıvon adlanır. Tanqıvon/Təngivan relyeflə bağlı yer adıdır. Talış dilində "tanq" - dar, ensiz, "ı" birləşdirici səs, "von" - yer, məkan deməkdir. Tanqıvon/Təngivan Azərbaycan dilinə tərcümədə "dar, ensiz yer" mənasını verir.

Aşağı Təngivan və Yuxarı Təngivan qeyd etdiyimiz kimi kənd deyildir. Onlar Təngivan kəndinin məhəllələri, mikrotoponimləridir. Kənd relyefinə görə yerli sakinlər tərəfindən Aşağı Təngivan, Yuxarı Təngivan adlandırılmışdır. Belə olduğu təqdirdə Aşağı Təngivan və Yuxarı Təngivanın kənd kimi təqdim edilməsi yanlışdır. Bu lövhələri görən şəxslər ilk olaraq Lənkəranda Təngivan adında 3 kəndin olduğunu fikirləşəcək. Sabah kimsə Lənkəran toponimlərindən, yaşayış məntəqələrindən yazarkən Təngivan, Aşağı Təngivan və Yuxarı Təngivanı ayrı-ayrı kəndlər kimi qeyd edəcəkdir ki, bu da sonradan yanlış olaraq mənbəyə, istinada çevriləcəkdir. 

Buna görə də Təngivan kəndi ərazisində yerləşdirilən "Aşağı Təngivan", "Yuxarı Təngivan" lövhələri götürülməli, Təngivan lövhəsi saxlanılmalıdır. Çünki, Lənkəranda "Aşağı Təngivan" və "Yuxarı Təngivan" adında kəndlər yoxdur,  Təngivan adında kənd vardır.

İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

<span>LƏNKƏRANDA TƏNGİVAN ADINDA NEÇƏ KƏND VAR?-</span><span xss=removed> Tədqiqatçı-tarixçi İldırım Şükürzadə</span>

Oxşar xəbərlər