Lənkəranın ilk maarifçi qadınlarından - Vəciyyə Əliyeva

30 Avq 2021 21:41
330

Vəciyyə Əliyeva 1901-ci ildə (bəzi mənbələrdə 1902) Lənkəran şəhərində zərgər Mirzəbabanın ailəsində anadan olmuşdur. Vəciyyə Əliyeva (qızlıq soyadı Sadıxova)Teymur bəy Bayraməlibəyovun 1917-ci ildə Lənkəranda təşkil etdiyi "Ünas" qızlar məktəbində təhsil almışdır. Teymur bəyin qızı Məryəm xanım Bayraməlibəyovanın rəhbərlik etdiyi bu məktəbdə opera müğənnisi Həqiqət Pzayeva, əməkdar artistlərdən Münəvvər Kələntərli və Cahan Talışinskaya, Məhbubə Seyidzadə, Dilşad Talışlı, Xanımcan Kərimova, Bacıxanım Axundova, Tacı Zeynalova, Qöncə Axundova, Aliyə Qurbanova, Sərvər Sakayeva və başqaları təhsil almışlar.

Astaranın  ilk qadın müəllimi olmuş Vəciyyə Əliyeva 1924-cü  ildə Pensər məktəbinə gəlir və burada ilk dəfə olaraq qızlar qrupu təşkil etmişdir.Vəciyyə xanım Pensər kəndinə gəlin köçmüşdür. Əri Yunus Əliyev mütərəqqi fikirli şəxs olduğundan Vəsiyyənin işləməsinə mane olmamışdır. Dərs dediyi sinifdə Vəciyyə müəllimə qızlar üçün dərzilik qrupu açmışdır. Qızların ağ parça üzərində qırmızı sapla naxış saldıqları əl dəsmalı respublika Maarif Nazirliyi muzeyində saxlanılır. Vəciyyə xanım 1935-ci ildə ailəsi ilə birlikdə Lənkərana köçmüşdür. 1961-ci ilədək Lənkəran  şəhər 3 saylı orta məktəbdə sinif müəllimi işləmişdir. Qadınlar arasında savadsızlığın ləğv edilməsində böyük xidmətlər göstərmişdir. El arasında ona "Qönçə gəlin" deyə müraciət edirmişlər.

Vəciyyə Əliyeva  6 may 1963-cü ildə Lənkəran şəhərində vəfat etmişdir.

Mənbə: Cənub bölgəsinin ziyalıları -Ceyran Həsənova

Oxşar xəbərlər