Lənkəranlı müəllimin “kəpənək“ləri: O, bir video ilə Azərbaycanda məşhur oldu...

05 Fev 2022 20:41
284

Kəpənəklərin qəlbini qırmısansa, sabah üzr istəyə bilməzsən. 

Bu cümləni adətən kəpənək ömrünün bir gün olduğunu düşünərək deyirlər. Amma bütün kəpənəklərin yox, bəzi kəpənək növlərinin ömrü bir gündür. İnsanların ömrü isə fərqli.

Uşaqlıq isə insanlıqdı. Hər kəs insanlığı necə görmək istəyirsə, uşaqlara elə davranır. Uşaqların şıltaqlığı da bir andı. Onu qırmısansa, ondan dəfələrlə üzr istəyə bilərsən... Amma onun sənə qarşı davranışı necə olacaq, bax, bu müəmmalıdır. 

Bəs niyə bu yazıya kəpənəklərlə başladıq? 

Bir müəllim çıxdı qarşımıza, sosial şəbəkələrdə: Leyla Qarazadə.Aramızdakı yaş fərqi çox deyil, amma mən ona Leyla müəllimə demək istəyirəm. 

Leyla müəllimənin 24 yaşı var. İki gün əvvəl öz “Facebook” hesabında şagirdləri ilə paylaşdığı video ilə sosial şəbəkələrə necə deyərlər, bomba kimi düşdü. Son günlər məktəblər haqqında yayılan onlarla neqativ görüntülərdən sonra belə video? 

“Mən, Leyla Qarazadə 1998-ci ildə Lənkəran rayonunun Zövlə kəndində doğulmuşam. 2018-ci ildən rayonun Jidi kəndində, Talış dağlarının ətəyində “kəpənək” uçurtmaqla məşğulam. Şagirdlərimin qanadları, rəngləri məni valeh edir. Onları uçurdaraq istədikləri mənzilə çatmaqlarına kömək edirəm”.

Leyla müəllimə deyir ki, o praktikasında çətin tərbiyə olunan uşaqlarla fərqli üsullarla anlaşmağa çalışır. Videodan görünür ki, onun bütün şagirdləri, şən və müəllimləri kimi özlərinə inamlıdırlar.

“Mənim çətin və anlaşmadığım uşaqlar olub. Bunu ilk ildən həll etmişəm. Çalışmışam həmin uşaqların şəxsiyyətini inkişaf etdirəcək, fərdi xüsusiyyətlərini, temperamentini, maraqlarını aşkarlayacaq və onlara uyğun metod tapım.  Ona görə də çox vaxt fərdi dərs metodlarına müraciət edirəm. Belə olanda isə dərslərim daha maraqlı keçir”.

Yuxarıda da qeyd etdiyim kimi son həftələrdə məktəblərlə bağlı çoxlu aqressiya dolu videolar yayılır. “Kəpənək”lərin Leyla müəlliməsi də bildirir ki, müəllim və şagird arasında baş verən aqressiyalar onu çox üzür. 

“Bütün bu hallara təəssüflənirəm. Çəkdiyim video ona görə marağa səbəb oldu ki, orada şagirdlərin qəlbinə toxunmaq  və onları sevindirməkdən söhbət gedir. Müəllim və şagird arasında münasibətlərin pozulmasının ən başlıca səbəbi müəllimlərin şagirdlərin maraq və istəklərini nəzərə almamasıdır. Müəllim dərs prosesini elə qurmalıdır ki, şagirdin marağını cəlb etsin. Uşaq dərsdən kənarda qalmamalıdır. Müəllim şagirdi dərsə cəlb etməli və ona səmimi sevgisini ötürməlidir. Bunlar hamısı vəhdət şəkildə davam edərsə, uşaq da bunun qarşılığını ən gözəl şəkildə qaytarar və daha çox çalışar”.

Bu yazını, əslində ona görə yazdıq ki, son həftələrdə tez-tez müəllim şagird münasibəti ilə bağlı neqativ videolar yayılır. Biz də istədik ki, gözləriniz xoş görüntülərə də şahidlik etsin. Uğurlar, Leyla müəllimə...

Lent.az

Oxşar xəbərlər