LERİK ŞƏHƏR “CÜMƏ“ MƏSCİDİ

27 Fev 2021 15:21
758

Lerik rayonunda 99 məscid vardır. Həmin məscidlərdən biri Lerik şəhər "Cümə" məscididir. Məscid Lerik şəhərinin ilk və yeganə məscidi sayılır. "Cümə" məscidi Hacı Akif və yerli sakinlərin vəsaiti hesabına tikilmişdir. Məscidin tikintisinə 1990-cı ildə başlanılmış və inşası 1992-ci ildə başa çatmışdır.

Mişar daşından hörülən məscidin uzunluğu 30 metr, eni 12 metr, döşəmədən tavana qədər hündürlüyü isə 3,8 metrdir. Fasadda iki qapı, dörd pəncərə vardır. Yan tərəflərdə bir qapı və iki pəncərə yerləşdirilmişdir. Qapılar düzbucaqlı, pəncərələr isə romb şəkillidir. Məscidin əsas giriş qapılarının önündə artırma -açıq eyvan vardır. İnteryerdə tavana dayaq məqsədilə sütun yerləşdirilməmişdir. İnteryerə suvaq çəkilmiş, üzərinə emusiya sürtülmüşdür. Məscid qadın və kişi şöbələrinə bölünmüşdür. Bu şöbələr taxta arakəsmə ilə ayrılır. 

Məscidin mehrabı, minbəri və qoşa minarəsi vardır. Minbər üç pilləlidir. Mişar daşından hörülən minarələrin aşağı hissəsi düzbucaqlı, orta hissəsi səkkizguşəli, yuxarı hissəsi isə iki yerə bölünməklə dəyirmi formadadır. Minarələrin hündürlüyü 15 metrdir. Minarələrdə düzbucaqlı şəkildə üst-üstə altı pəncərə yerləşdirilmişdir. 

Məscidin döşəməsi torpaqdan, qapı-pəncərələri, tavanı, dam örtüyünün konstruksiyası ağac materialından, dam örtüyü dəmir şiferdəndir.  Məscidə çöl tərəfdən metlax üzlük çəkilmişdir. 

Lerik şəhər "Cümə" məscidi ölçüsünə görə (12 x 30 metr) Lerik rayonunda ən iri məscid sayılır. Məscidin imamı respublikamızın tanınmış din alimlərindən biri olan Hacı İlham Əliyevdir. Hacı İlham Əliyev yüksək dini savada və gözəl nitq mədəniyyətinə malikdir. Axund İlham kimi tanınan bu böyük alim kəndimizdə də olmuş və bir neçə hüzr məclisini keçirmişdir. 

İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

Oxşar xəbərlər