Lerikdə iki uşaq anasının müəmmalı ölümü: “Elnarə evdə şiddət gördüyünü deyirdi”

20 May 2022 19:45
932

Seyfəddin Nəsirov bacısının öldürüldüyü qənaətindədir

“Bir gün başıma bir iş gətirsələr, məni öldürsələr, cənazəmi onların evindən çıxarmayın!”

Bu, 22 yaşlı, iki uşaq anası Elnarə Ağəlizadənin yaxınlarına dediyi son söz olub. O zaman bu sözləri eşidən anası, bacısı bəlkə də heç düşünməzdi ki, cəmi bir neçə gün keçəcək və Elnarəni itirəcəklər.

Ambur.az Meydan TV-yə istinadən xəbər verir ki, Lerikin Çayrud kənd sakini Elnarə İntiqam qızı Ağəlizadə 10 gün xəstəxanada qaldıqdan sonra vəfat edib.

Elnarə 2000-ci ildə dünyaya gəlib, 18 yaşının tamamında isə elə həmkəndlisi Elvin Ağəlizadə ilə ailə həyatı qurub. Onların 3 yaşında bir qızı, anası xəstəxanada olarkən 1 yaşını tamamlayan oğlu var.

Yaxınlarının sözlərinə görə, Elnarə ailə həyatından narazı imiş, daim ərinin, qayınanası Zöhrə Qurbanovanın ona şiddət göstərməsindən şikayətlənirmiş. Hər dəfə də anasından “səbrli ol, düzələcək” sözlərini eşidib.

“Xahiş edirmiş ki, qardaşıma deyin…”

Bədənində xəsarət izlərinin olmasını əsas gətirən yaxınları onun döyülərək öldürüldüyü qənaətindədirlər.

Mərhumun qardaşı Seyfəddin Nəsirov Meydan TV-yə danışır ki, bacısının uzun müddət ailəsi tərəfindən işgəncə və təzyiqlərə məruz qalması haqda yalnız o, xəstəxanaya düşəndən sonra xəbər tutub:
“Elnarə ilə eyni atanın övladlarıyıq, anamız ayrıdır. Mən Moskvada yaşayıram, qardaşım da Sumqayıtda. Bacılarım və analığım isə kənddə yaşayır. Elnarə dəfələrlə anasını və bacısını təklikdə görəndə onlara bildirib ki, telefonda hər şeyi deyə bilmirəm, məni izləyirlər. Deyib, başda qayınanası Zöhrə Qurbanova olmaqla, yoldaşı Elvin Ağəlizadə və qayınatası Aqil Qurbanov ona şiddət göstərir, dözülməz həddə çatdırırlar. Xahiş edirmiş ki, bu barədə qardaşlarıma xəbər verin, gəlib kömək etsinlər. Ancaq anası, bacım bizə bu barədə heç nə deməyiblər. Anası hər dəfə sakitləşdirib ki, səbrli ol, düzələcək”.

Elnarənin son sözü…

Seyfəddin Nəsirov deyir ki, aprelin 26-da rəhmətə getmiş atası üçün Quran məclisi təşkil ediblər. Həmin məclisdə ailə üzvləri, qonşular və qudalar olub. Elnarənin qayınanası Zöhrə Qurbanova məclisdə mübahisə yaradaraq oranı tərk edib. Bu zaman Elnarə anasına deyib ki, görürsünüz başıma nə oyun açırlar?

“Qohumlar, qonşular da orada olub. Elnarənin son sözü bu olub ki, bir gün başıma bir iş gətirsələr, məni öldürsələr, cənazəmi onların evindən çıxarmayın! Həyat yoldaşı da onu və uşaqları götürüb aparıb”, – Seyfəddin Nəsirov danışır.

Qardaşının sözlərinə görə, hadisə aprelin 30-da, səhər saatlarında baş verib. Ancaq onlar bu barədə Elnarə xəstəxanaya aparıldıqdan sonra xəbər tutublar:
“Hətta birbaşa zəng də edib deməyiblər ki, uşağınızın başına bu müsibət gəlib. Elnarənin əri bacım Rənaya zəng edib, deyib ki, analığım Zöhrə Rzayeva onun xalası Şəhlaya zəng etsin. Şəhla da rayon mərkəzində yaşayır. Analığım ona zəng edəndə dəstəyi qudası Zöhrə Qurbanova götürüb.

Deyib: “Qızın həyətdə sudurğa keçirdi, götürdük xəstəxanaya. Lerik Mərkəzi Xəstəxanası yaxın durmadı, apardıq Lənkərana. Səs-küy salma, qardaşını da götür, get xəstəxanaya”. Anasıgil gedəndə isə görüblər ki, qız artıq özündə deyil”.

“Məni görəndə sanki sakitləşdi”

Seyfəddin Nəsirov hadisədən həmin axşam xəbər tutub və mayın 1-də Azərbaycana qayıdıb. Deyir, ailə üzvləri xəstəxanaya çatanda görüblər ki, Elnarə sudurğa keçirməyib, boğazında kəndir izi, bədənində göyərtilər var:
“Mən gələndən sonra Elnarə ayıldı, amma danışa bilmirdi. Gözünü açanda titrədi, ətrafa baxdı, məni görəndə sakitləşdi. Əlindən tutub dedim ki, məni eşidirsənsə, gözünü tərpət. Tərpətdi. Dedim, əlimi sıx, sıxdı. Dedim, qorxma, burdayam, heç kim sənə heç nə edə bilməz. Sanki bir az sakitləşdi. Amma həkimlərin bütün səyinə baxmayaraq, həyatını qurtarmaq mümkün olmadı, mayın 10-da, saat 14 radələrində vəfat etdi”.

Elnarə Ağəlizadənin qollarında, ayağında göyərtilər var. Seyfəddin Nəsirov da hesab edir ki, bacısı intihar edəcək adam deyildi:
“Düzdür, ali təhsil almamışdı, amma ağıllı, müdrik, dini inancları olan biri idi. İki körpə balası vardı, heç vaxt intihar etməzdi. Qonşularla da danışmışıq, deyirlər ki, həmin gün səhər toyuq-cücəyə dən verdiyini görüblər. Ölüm haqqında düşünən toyuq-cücə hayında olar? Üstəlik, bizimkilərə öncə sudurğa keçirdiyini deyiblər. Amma qonşulardan heç kim bir səs-küy eşitməyib, hətta xəstəxanaya belə, aparılanda kiməsə deyilməyib. Onu görüblər ki, qayınatası tələsik gəlib, sonra da harasa gediblər”.

Seyfəddin Nəsirov bacısının boğazındakı ip izinə də diqqət çəkir:
“Boğazında kəndir olan adam çabalayar, dartınar, kəndir qulağının dibini kəsər. Onun boğazındakı iz isə o şəkildə deyil. Bunun özü də əsas verir deyək ki, Elnarə intihar etməyib”.

“Nömrəmi haradan tapmısız?”

Meydan TV Elnarənin həyat yoldaşı Elvin Ağəlizadə ilə də əlaqə saxlayıb. Ona ünvanlanan suala “Telefon nömrəmi haradan tapmısız” sualı ilə cavab verən Elvin Ağəlizadə deyib ki, hadisə baş verəndə yatırmış və bu barədə də prokurorluğa danışıb.

O, “həmin ərəfədə aranızda hansısa söz-söhbət olmuşdu” sualını eşitdikdə dəstəyi asıb və bir daha telefona cavab verməyib.

Rəsmilər deyir ki…

Meydan TV də hadisə ilə bağlı rəsmi məlumat ala bilməyib. Lerik Rayon Prokurorluğundan isə bildirilib ki, hazırda işi araşdıran müstəntiq məzuniyyətdədir, ekspertizanın rəyindən sonra hansı maddə ilə cinayət işi açılacağı məlum olacaq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən Meydan TV-nin sorğusuna cavab verilib:
“Məlumat üçün bildiririk ki, Lerik rayon Çayrud kənd sakini 18.01.2000-ci il təvəllüdlü Ağalizadə Elnarə İntiqam qızı 30.04.2022-ci il tarixində saat 12:55 radələrində “Anoksik ensofalopatiya, Özünə qəsd” diaqnozu ilə kritik ağır vəziyyətdə Lənkəran RMX PHŞ-in Reanimasiya şöbəsinə daxil olmuşdur. Xəstəyə lazımi zəruri ilkin tibbi yardım olunmuş, lakin bütün bunlara baxmayaraq, xəstə Ağalizadə Elnarə İntiqam qızı 10.05.2022-ci il tarixində mərkəzin Reanimasiya şöbəsində vəfat etmişdir. Mərhumun nəşi aidiyyəti üzrə Lənkəran rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə təhvil verilmişdir. Faktla bağlı araşdırma aparılır”.

Seyfəddin Nəsirov deyir ki, mayın 17-də o da Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ilə görüşüb. Baş həkim ona ilkin tibbi yardımdan sonra Elnarənin Lənkərana göndərildiyini deyib:
“Baş həkim bildirdi ki, indiyədək Elnarə Ağəlizadə heç bir psixoloji, nevroloji narahatlıqla bağlı onlara müraciət etməyib. Sonuncu dəfə doğuş zamanı xəstəxanada olub və doğuş da normal keçib. Baş həkim bu haqda prokurorluğa da məlumat verdiklərini dedi. Mənim bacım sağlam və ağlı yerində olan qadın idi. Ümid edirəm, iş ədalətli araşdırılacaq və bacımın vaxtsız ölümünə səbəb olanlar layiqli cəzalarını alacaqlar”.

Oxşar xəbərlər