Lerikdə niyə tualet yoxdur? - Vüqar Babazadə yazır...

24 İyn 2022 17:06
166

Ambur.az Kulis.az-a istinadən Vüqar Babazadənin “Lerik haqqında elegiya” yazısını təqdim edir.

Bir neçə gündür Lerikdəyəm. Oxucularımız burda müəllifə sual verə bilər ki, ilin günün bu vaxtı nə itin azıb Lerikdə? Haqlıdırlar. Amma bu sualı verən oxucularımıza bildirmək istəyirəm ki, mən lerikliyəm. Neyniyim, Neftçalaya getməyəcəm ki? Gəlmişəm 3-4 günlük Lerikə.

Yaxşı olar ki, uzatmadan mövzumuza keçid alaq.

Lerikdə ictimai tualet yoxdur. Mədəniyyət Nazirliyi hara baxır, mən başa düşə bilmirəm? Tutaq ki, çıxmışam rayona, siz də məni bağışlayın, üzüm ayağınızın altına, dönə-dönə üzr istəyirəm, böyük, yaxud kiçik bayıra getməyim gəldi. Bu halda heç bilmirəm nə edim? Məni qoyaq bir qırağa, necəsə bir yolun taparam. Burda hər kəsi tanıyıram, hər kəs məni tanıyır. İstənilən adam rahatlıqla öz tualetlərini üzümə açar. 100 dənə kafe, restoran tanıyıram. Qərəz, bir yolun taparam.

Bəs bu turistlər, Lerikə gələn qonaqlar nə etsin? Hələ Allah eləməmiş, Lerik turistlərin çox gəldiyi, istirahət məkanlarının bol olduğu bir yerdir. Burda ictimai tualetin olmamağı dəhşətdir. Düşmənin gözündən iraq, burda hər şey var. Bütün infrastruktur obyektləri, mağazalar, dükanlar, parklar, bir sözlə – hər şey yerli yerindədir. Amma di gəl ictimai tualet yoxdur.

Dünən Lerikin mərkəzində gəzirdim. Bir dəstə turist mənə yaxınlaşıb soruşdu? Onlar, hisslərim məni yanıltmırsa, alman idilər.

– Burda nə gəzdiyimiz muzeylərdə, nə də rayonun mərkəzində ictimai tualet var. Biz öz işimizi harada görə bilərik? – turistlərin tərcüməçisi məndən soruşdu.

Mən də rayonun adını batırmamaq üçün, rayonumuzu, insanlarımızı tərifləmək üçün hazır dayanmışdım. İstənilən suala cavab verməyə hazır idim. Özümü hazırlamışdım deyəm ki, planetin ən qocaman sakini Şirəli Müslümov, Buzeyir mağarası, 1000 neçə yüz metr dəniz səviyyəsindən yüksəklik, ləvəngi, kartof plovu, “Relax” istirahət mərkəzi. Amma bunların hamısı ürəyimdə qaldı. Onların verdiyi suala mat-məəttəl qaldım, heç bir cavab tapa bilmədim. Dedim, gəlin sizi bir restoranın tualetinə aparım. Gəldilər arxamca, restoranın tualeti də it günündə imiş. Ora da heç yaxınlaşa bilmədik. Pərt oldum, utanıb yerə girdim. İstədim deyəm ki, gəlin gedək evə aparım sizi. Amma turistlərin işi təcili idi, evə çatana qədər iş-işdən keçmiş olacaqdı.

Məcbur olub utana-utana dedim ki, bəs kolluqların arxasında işinizi görə bilərsiz. Harda kolluq varsa, ora potensial tualet hesab oluna bilər. Tərcüməçi bu dediklərimi turistlərə çatdırandan sonra aləm dəydi bir-birinə. Almanlar mənim bu təklifimdən dəhşətə gəldilər. Şoka düşdülər. Onlar dedilər ki, bu nə ibtidailik, nə geridəqalmışlıqdır? Necə yəni kolluq?

Onda başa düşdüm ki, mən nə qədər geridə qalmışam. Nə qədər ibtidai bir insanam.

Turistlər inciyib getdilər, sonrası da məlum olmadı neynədilər? Bəs yaxşı, Allahın almanına bu cür münasibət göstərəndən sonra, o bir də gələcəkmi Azərbaycana? Əlbəttə ki, yox. Mən olsam, mən də gəlmərəm.

Bu işi birbaşa Mədəniyyət Nazirliyi öz öhdəsinə götürməlidir. Yaxşı olar ki, ən azından rayonun mərkəzində fərqli-fərqli yerlərdə bir neçə ictimai tualet salınsın. Bu, həm turistlər üçün yaxşı olar, həm də yerli camaat üçün. Hətta bu işdən yaxşı pul da qazanmaq olar. Kapitalizmdir, 30 qəpik verib aldığın suyu, sənə 50 qəpiyə xaric elətdirir.

Təsadüfi deyildir ki, bizim ölkəmizdəki insanlar tualeti "mədəniyyət evi" adlandırırlar. "Gedim mədəniyyət evinə dəyim gəlirəm. Mədəniyyət evindən gəlirəm, mədəniyyət evinə gedirəm" kimi ifadələr işlədirlər. Tualeti mədəniyyət evi adlandırıran adamların tualetini hansı nazirlik tikməlidir? Əlbəttə ki, Mədəniyyət nazirliyi. Yaxud mədəniyyəti tualet səviyyəsinə endirən adamların mədəniyyəti necə olacaq? Əlbəttə ki, tualet səviyyəsində.

Lerikdə mədəniyyət evləri tikmək lazımdır ki, insanlar rahatca işlərini görsünlər. Bu da pulla deyil ha. Mədəniyyət evidir də, tikdin, vəssalam. Xahiş edirəm, bu qlobal problem gözardı edilməsin, diqqətdə saxlanılsın. Yoxsa işimiz ağır olar.

Oxşar xəbərlər