Lerikdə şəhid baş leytenant Yaqublu Əliqismətin xatirəsinə bulağın açılışı olub - Fotolar

23 Noy 2021 21:55
126

Noyabrın 22-də Lerikdə II Qarabağ müharibəsinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, baş leytenant Əliqismət Yaqublunun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən bulağın açılışı olub. 

Ambur.az xəbər verir ki, açılışda Lerik Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bulağn önündə gül dəstələri düzülüb. 

Açılış mərasimində şəhidin atası Mükafat Yaqubov, müəllimləri, sinif yoldaşları  çıxış edərək şəhidin qısa, lakin şərəfli həyat yolundan, Vətən Müharibəsində göstərdiyi şücaətlərdən söz açıblar. 

Bulaq şəhidin sinif yoldaşlarının maliyyə dəstəyi ilə inşa edilib.

Qeyd edək ki, Əliqismət Mükafat oğlu Yaqublu 18 aprel 1992-ci ildə Lerik rayonunun Kələxan kəndində, müəllim ailəsində anadan olmuşdur. 

2020-ci il sentyabr ayının 27-dən başlayan II Qarabağ müharibəsinə baş leytenant Əliqismət Yaqublu da Xüsusi Təyinatlının zabiti kimi qatılır və torpaqlarımızın düşmən əsarətindən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə yüksək qəhrəmanlıqlar göstərərək düşmənə sarsıdıcı zərbələr endirir, çoxlu sayda canlı qüvvəsini məhv edir. Bir Xüsusi Təyinatlı zabit kimi düşmənlə əlbəyaxa döyüşlərdə də iştirak edir. Qısacası qəhrəman Əliqismət düşmənə sinə gərərək bir tarix yazır. 

Qeyri-bərabər döyüşdə düşmən gülləsinə tuş gələn igid zabit Əliqismət Yaqublu 05 noyabr 2020-ci ildə Daşaltıda gedən şiddətli döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olur. Şəhidin üçrəngli bayrağa bürünmüş nəşi doğulduğu Lerik rayonunun Kələxan kəndinə gətirilir və böyük izdihamla, babasının yanında torpağa tapşırılır. Ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda", "Şücaətə görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir.                                   

Atası Mükafat kişi oğlu Əliqismət haqqında xatırlayır: Oğlum Əliqismət müharibə öncəsi mənimlə danışanda, mənə "Ata, hər şey ola bilər. Əgər mən şəhid olsam, məni kənddə babanın yanında dəfn edərsiniz. Orada boş yer var" -dedi. Mən dəhşətə gəldim, sonra zarafata saldı. Amma artıq mənim ürəyimə xal salmışdı. Müharibə başlayanda isə mən hər şeyi başa düşdüm. Onlar Vətən torpaqlarını geri qaytarmaq üçün şəhadətə hazır idilər.

Şəhidin tərcümeyi halı haqqında ətraflı linkdən oxuya bilərsiniz: https://ambur.az/qehremanlar-unudulmur-20625

Oxşar xəbərlər