Lerikdən olan Xüsusi Təyinatlı leytenant, şəhid Əkbərov Əmrah ordenlə təltif edildi

05 Noy 2021 14:33
377

Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, şəhid Əkbərov Əmrah orden ve medallara təltif edilib

Ambur.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən şəhid leytenant Əmrah Şahid oğlu Əkbərov “Azərbaycan Bayrağı” ordeni və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Bundan öncə isə o, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

Qeyd edək ki, Əmrah Şahid oğlu Əkbərov 21 fevral 1998-ci ildə Lerik rayonunun Livədirqə kəndində anadan olmuşdur. Əmrah hələ 13 yaşında olarkən atası dünyasını dəyişir. 2004-cü ildə Livədirqə kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 2005-ci ildə Bakı şəhəri Xəzər rayonuna köçmüş və Xəzər rayonunun 322 saylı tam orta məktəbdə təhsilini davam etdirmişdir. Vətən sevgisi ilə böyüyən Əmrah həmişə "Vətən üçün veriləcək canın yoxdursa, onda sus!" -deyərdi. Bəli, Əmrah həqiqətən də vətəninə, torpağına bağlı biri idi. Əmrahın arzusu Vətən uğrunda şəhid olmaq idi. Bir dəfə dayısı ona "Səni general görmək istəyirəm" - dedikdə, cavabı belə olur: "General nədir ki, dayday. Mən şəhid olacağam". Və o bu arzusuna çataraq ən yüksək zirvəyə, şəhidlik zirvəsinə ucalır.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər