Leytenant Babazadə Rəşadın anası: “ Yalnız bunu deyirdi ki, “narahat olmayın, hər şey yaxşıdır, hökmən qələbə çalacağıq“- Müsahibə

14 Noy 2020 16:42
419

-Salam, Böyükxanım xanım. Zəhmət olmasa oğlunuz Rəşad haqqında məlumat verəsiniz. Neçənci ildə və harada anadan olmuşdur? Uşaqlıq illəri harada keçmişdir?
-Oğlum Babazadə Rəşad Gülbaba oğlu 24 noyabr 1976-cı il Bakı şəhərində anadan olmuşdur. 6 yaşına qədər Lerik rayon Rvarud kəndində yaşamışıq.

-Harada və nə üzrə təhsil almışdır?
-Lənkəran şəhər 10 saylı məktəbdə oxumuşdur. Məktəbi əla qiymətlərlə başa vurmuşdur. Sonra Bakı Dövlət Universitetinin Fizika fakültəsini oxumuşdur. 

-Təhsilini başa vurduqdan sonra nə işlə məşğul olmuşdur?
-Bir neçə il oxuduğu Lənkəran şəhər 10 saylı məktəbdə fizika müəllimi vəzifəsində işləmişdir. Sonra BDU-da hərbi kafedra var idi. Orada imtahan verərək Leytenant rütbəsini almışdır. Hərbi xidmətə zabit kimi getmişdir. 

-Oğlunuz ailəlidir yoxsa subay? Ailəlidirsə, ailə vəziyyəti haqqında danışın. Harada yaşayırlar?
-Oğlum ailəlidir. 3 övladı -2 oğlu və 1 qızı var. Qızı Tibb Universitetinin Müalicə fakültəsinin III kursunda oxuyur. Böyük oğlu bu il ADA diplomatik universitetə qəbul olundu. Kiçik oğlu isə Bakıda Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin 8-ci sinifində oxuyur. Lənkəranda yaşayırıq. Özü şəxsi bizneslə məşğuldur.

-Oğlunuz Rəşadda bu qədər vətənpərvərlik ruhu nə zamandan oyanmışdır? Vətəninə, torpağına olan sevgi nə zamandan yaranmışdır?
-Bu vətənpərvərliyi o evində öyrənib. Yəni ilk öncə biz valideyinlər ona öyrətmişik. Sonra da məktəbdə öyrənmişdir. Vətənini, torpağını sevməyən bir insan, heç kimi, nə valideynlərini, nə də cəmiyyəti sevə bilməz.

-Nə zamandan hərbidə işləməyə başlamışdır?
-Hal-hazırda oğlum hərbçi deyil. Müharibə başladığı zaman oğlumu 21.09.2020-ci il tarixinndə ehtiyatda olan zabit kimi çağırdılar. Oğlum da sevinə-sevinə getdi. O vaxtdan bu günə kimi orduda xidmət edir. İnşallah nə vaxt buraxsalar evinə dönəcək.

-Böyükxanım xanım, zəhmət olmasa oğlunuzun II Vətən müharibəsində göstərdiyi şücaətlərdən bizə söyləyəsiniz.
 -Bu haqda bizə heç bir şey deməyir. Yalnız bunu deyirdi ki, "narahat olmayın, hər şey yaxşıdır, hökmən qələbə çalacağıq". İndi də deyir ki, mən fəxr edirəm ki, bu savaşda iştirak etmişəm. Bu qələbədə az da olsa mənim payım var. Biz də onu səbirsizliklə gözləyirik.

-Sonda biz də, sizin bizə verdiyiniz müsahibəyə görə Ambur.az saytının kolleltivi adından sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
-Siz sağ olun diqqətinizə görə. Biz də sizə təşəkkürümüzü bildiririk. Mən özüm Çayrudluyam. Bütün Leriklilərlə fəxr edirəm.

Oxşar xəbərlər