Məmməd KAZIM

19 Yan 2021 16:12
660

Məmməd İsrafil oğlu Kazımov 1934-cü il mayın 25-də Azərbaycanın dilbər guşələrindən olan Masallı rayonunun Tatyan kəndində anadan olan Məmməd Kazım 1962-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1969-cu ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində redaktor, 1971-83-cü illərdə isə “Hünər” hərbi-vətənpərvərlik redaksiyasının baş redaktoru və aparıcısı kimi fəaliyyət göstərib.

Ədəbi-bədii fəaliyyətə gənc yaşlarından şeirlə başlayıb, “Qönçə şeirlər” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb. İndiyə qədər “Zirvəyə yol axtarıram”, “Xəzər laylası”, “Xatın zəngləri”, “Leytenant Kərimov və dostları”, “Taleyim, qismətim”, “Gələrəm görüşünə”, “Hünər” və sair bu kimi şeir, poema, nəsr, dram kitabları dərc olunub. Məmməd Kazımın Tatarıstanın Xalq şairi Robert Minnullinin şeirlərindən tərcümələri müstəqillik dövrü poetik tərcümə işinə layiqli töhfəsidir. 

Doğma yurdun təbii gözəllikləri və tarixi keçmişinin, vətəninin qəhrəman oğul və qızlarının tərənnümü, sevginin vəsfi, müharibələrə qarşı kəskin etiraz, sülhə, xoşgörüyə, barışa çağırış, neqativ sosial təzahürlərə qarşı satirik ironiya onun sadə və xəlqi dildə qələmə alınan, janrca zəngin, məzmunca dolğun əsərlərinin ümdə xüsusiyyətləridir.

Məmməd Kazımın ədəbiyyat sahəsindəki xidmətlərinin mühüm bir qolunu naşirlik fəaliyyəti təşkil edir. Onun baş redaktoru olduğu “Qala” ədəbi-bədii qəzeti ədəbi prosesin nəinki bölgələrdə, hətta ümumrespublika miqyasında canlandırılması və bir çox gənc istedadların üzə çıxarılması işində böyük rol oynayıb. Vaxtilə ilk yazılarını dərc etdiyi və bu gün ədəbiyyatımızın aparıcı imzalarına çevrilmiş gənclər haqlı olaraq onu öz ustadları sayırlar. 

          Facebook. MASALLININ TANINMIŞLARI-Araz Ağayev
                                               2017

 

Oxşar xəbərlər