“Mən 25 ildir ki, bu günü gözləyirdim. Getməsəm sizi böyütdüyüm o qazanc mənə haram olar“

11 İyn 2022 16:55
91

Bu gün Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun doğum günüdür

Ambur.az-ın xəbərinə görə, Nail Rəfail oğlu Orucov 1978-ci il iyunun 11-də Astara rayonunun Məsçitməhəllə kəndində anadan olub. 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən Nail Orucov 2016-ci ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyyata buraxılıb.

Xidmət etdiyi dövrlərdə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley, "Qüsursuz xidmətə görə" III dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley, "Qüsursuz xidmətə görə" II dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Qüsursuz xidmətə görə" I dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley və "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Nail Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Orucov oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub. Nəşi doğulub, boya-başa çatdığı Astara rayonunun Məsçitməhəllə kəndində gətirilərək, kənd qəbiristanlığında dəfn olunub. Ailəli idi. Üç oğlu yadigar qalıb.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Nail Orucov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin övladı atası haqqında xatırlayır: "Mobil telefonuna çağırış mesajı gəldi, çox həyacanlı və sevincli idi. Tez formasını qaydaya saldı, hazırlanmağa başladı. Biz kədərlənib, gözlərimiz dolduğu halda atamın dediyi sözlər isə belə oldu -"Mən 25 ildir ki, bu günü gözləyirdim və bu mənə qismət oldu, əgər getməsəm bu mənə ayıb olacaq və sizi böyütdüyüm o qazanc mənə haram olar"".

Allah rəhmət eləsin!

Oxşar xəbərlər