“...mən ondan neçə günə gələcəksən soruşanda, mənə, 1 həftəyə gələcəyəm -dedi. Həqiqətən də 1 həftəyə gəldi, amma...“- Şəhid kəşfiyyatçı Kənan Məmmədov

11 May 2021 00:01
901

Kənan Niftalı oğlu Məmmədov 22 oktyabr 1993-cü ildə Ucar rayonunun Alpout kəndində anadan olub. 2 qardaş olmaqla ailədə 4 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2000-ci ildə Ucar rayon Alpout kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2011-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Həmin ildə Kənan Ucar rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilib. O, xidməti boyunca ailəsinə dəfələrlə təşəkkürnamə göndərtdirib və Vətənə olan borcunu şərəflə yetirdiktən sonra evinə, ata-anasının yanına qayıdıb. Sonra Bakı Dövlət Universitetin "Filologiya" fakültəsinin rus dili və ədəbiyyatı ixtisasına qəbul olub. Amma onun xəyalları həmişə hərbçi olmaq olub. Kənan kiçik yaşlarından rus dilini ana dili kimi bilib və bundan başqa -ingilis, erməni, türk dillərini də mükəmməl öyrənib.

2017-ci ildə universiteti əla qiymətlərlə başa vuran Kənan öz arzularını gerçəkləşdirməyə başlayır. Həmin il Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinə (TTM) daxil olur və həmin ildə də təlim mərkəzini birinciliklə bitirir. "Fəxri fərman" alaraq leytenant rütbəsi ilə ön postlarda düşmənlə üz-üzə aylarca tağım komandiri vəzifəsində xidmət etməyə başlayır. Onun arzusu həmişə Qarabağı azad etmək idi. O, bu arzusunu gerçəkləşdirmək üçün Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılır. Bu kursda həm aclıq, həm də müxtəlif çətinliklərlə üzləşir. 5 aylıq kursu fərqlənmə ilə bitirir. Kursu bitirdikdən sonra Müdafiə Nazirliyinin əmri ilə "N" saylı hərbi hissədə Xüsusi Təyinatlı qrupunun komandiri vəzifəsinə təyin olunur. Xidməti boyunca bir çox kurslarda və təlimlərdə iştirak edir. Döyüş taktikasını mükəmməl və dərindən bilən zabitlərdən biri olan leytenant Məmmədov sərbəst paraşütdən atlama, SAT, HATU və başqa kurslardan da keçir.

Leytenant Məmmədov Kənanın səbirsizliklə gözlədiyi məqam gəlib çatır. 2020-ci ilin sentyabr ayından etibarən başlayan II Qarabağ müharibəsi zamanı "Canımızı da versək bu torpaqları alacağıq" -deyərək, çox hazır və həvəslə döyüşlərə qatılır. Kənan bir Xüsusi Təyinatlı zabit kimi Murovdağa ilk ayaq basanlardan biri olur və ən öndə gedərək Murovdağın düşməndən azad edilməsində böyük şücaətlər göstərir. Düşmənə sarsıdıcı zərbələr endirməklə və xeyli sayda canlı qüvvəsini məhv etməklə adını tarixə yazan qəhrəman hətta düşmənlə əlbəyaxa döyüşlərdə də iştirak edir. Başqa bir çox əməliyyatlarda da iştirak edən leytenant Kənan Məmmədov oktyabr ayının 2-də Murovdağ uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Ucar rayonunun Alpout kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır.

Kənanın ömür-gün yoldaşı Günel xanım onun haqqında belə xatırlayır: "Kənangil ailədə 2 qardaş idilər. Onun hərbiyə sevgisi qardaşının hərbçi olmağından irəli gəlirdi. O, öz sevdiyi xanımı -Məmmədova Günel ilə 6 ay idi ailə həyatı qurmuşdu. Çox vətənpərvər, igid və cəsur bir insan idi. Vətənini düşmən tapdağı altında görəndə canı rahatlıq tapmırdı. Hər zaman "Mən bu yolda öləcəyəm, Vətənim üçün mən getməyim də, kim getsin?" -deyirdi. Döyüşə gedərkən mənə təlimə getdiyini dedi və mən ondan neçə günə gələcəksən soruşanda, mənə, 1 həftəyə gələcəyəm -dedi. Həqiqətən də 1 həftəyə gəldi, amma 3 rəngli bayrağa bükülmüş tabutda gəldi....".

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Ucar rayonunun Alpout kəndində anadan olan leytenant Kənan Niftalı oğlu Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə", "İgidliyə görə" və "Vətən uğrunda"  medalları və "Qarabağ" ordeni ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                          Ambur.az

Oxşar xəbərlər