Məşhur məşqçi Aslan Ağayev Astarada məktəblilərlə görüşüb

12 Yan 2022 09:07
373

11 yanvar 2022-ci il tarixdə Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbdə  "Çempionumuz" sosial idman layihəsi çərçivəsində Sərbəst güləş üzrə məşhur astaralı idmançı və məşqçi Ağayev Aslan Loğman oğlu ilə məktəblilərin görüşü keçirilmişdir. 

Ambur.az-ın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun "Çempionumuz" sosial idman layihəsini  Astara rayonu üzrə yüksək səviyyədə  həyata keçirilməsindən ötrü Astara RİH, Astara rayon Gənclər və İdman İdarəsi, Astara Təhsil Şöbəsi tərəfindən rayon əsasnaməsi və Təşkilat Komitəsi təsdiq edilmişdir.

Tədbirin açılış mərasimində Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta  məktəbinin direktoru Nazim Məmmədov açıq elan etmiş və tədbirin təşkilatçılarına  təşəkkürünü bildirmişdir. Sonra Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov, Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov çıxış etmiş tədbirin əhəmiyyətini qeyd etmiş, Azərbaycan idmanına vediyi töhfəyə, gənc nəslə nümunə olduqlarına görə Aslan Ağayevə  təşəkkürlərini bidirmişlər və ona fəaliyyətində yeni nailiyyətlər arzulamışlar.

Sonra Astara RGİİ-nin rəis müavini İqrar Cəfərov tərəfindən məşhur məşqçinin idman və məşqçilik həyatı və qazandıqları uğurlar barədə qısa Təqdimat oxunmuşdur.

Təqdimatda qeyd olunmuşdur ki, Azərbaycan idmanının məşhur simalarından olan, hazırda məşqçilik fəaliyyətinidavam etdirən Aslan Ağayev Asrtara rayonun Ərçivan qəsəbəsində 5 oktyabr 1967-cı il tarixdə anadan olmuşdur. 1974-ciü ildə  Astara şəhər 5 saylı tam orta  məktəbinin 1-ci sinifə qəbul  olunub. Uşaq yaşlarından idmanın sərbəst güləş növünə maraq göstərib. Həmin dövrdə Astara Uşaq Gənclər və İdman Məktəbinin Sərbəst güləş üzrə məşqçi –müəllimi,sonradan "Azərbaycan SSR  Əməkdar məşqçisi", "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçısi" fəxri adlarına layiq görülmüş Tofiq Həmidov tərəfindən istedadı nəzərə alınaraq  ilkin məşqlərə başlayıb və 1979-cü ildə Bakı şəhərindəki "Respublika Olimpiya İdman Liseyinin" 5-ci sinfinə qəbul olub. Burada məşhur məşqçilərin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayıb və eyni zamanda təhsilini davam etdirib. 1985-ci  ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub 1991-ci ildə həmin akademiyanı sərbəst güləş ixtisası üzrə bitirib.

Məşhur idmançı 2 qat Avropa çempionu, Dünya birinciliyinin bürünc mükafatçısı, "Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqqi" medalı (2016), III dərəcəli "Əmək" ordeni (2021) ilə təltif olunmuşdur. Aslan Ağayev 2005-2016-cı illərdə sərbəst güləş üzrə Azərbaycan Respublikasının kişilərdən ibarət yığma komandasının  məşqçisi ("Zenit" idman klubunun baş məşqçisi) və 2017-2021-ci illərdən sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi işləmişdir.

Aslan Ağayev XXXI Yay Olimpiadasının bürünc mükafatçısı(2016, Rio-de-Jeneyro, Braziliya), Dünya çempionatının 2 qat gümüş, 3 qat bürünc mükafatçısı, Gənclər arasında Dünya çempionu,  Avropa çempionatını 3 qat qızıl, 3 qat gümüş, 4 qat bürünc mükafatçısı Cəbrayıl Həsənovun, Dünya çempionatının qızıl və  bürünc medalçısı, Avropa çempionatının gümüş və bürünc medalçısı Əliabbas Rzazadənin və digər məşhur idmançıların şəxsi məşqçisidir.

Ağayev Aslan Loğman oğlu Gənclər və İdman Nazirliyinin 26 oktyabr 2021-ci il tarixli əmrinə uyğun olaraq Astara Olimpiya İdman Kompleksinin direktoru təyin olunmuşdur.

Təqdimatlardan sonra Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi, "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" Afət Əkbərov, Vətən müharibəsi veteranı, Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi Asəf Ağaquliyev çıxış etmişlər. 

Sonra Aslan Ağayev məktəblilərin suallarını cavablandırmış və uğurlara gedən çətin yollardan məlumat vermişdir.

Yekunda xatirə şəkilləri çəkilmişdir.

Oxşar xəbərlər