Milli Qəhrəman Polad Həşimovun döyüş yoldaşı şəhid Əliazdə Elməddin- QƏHRƏMANLAR UNUDULMUR + VİDEO

15 Yan 2021 13:29
606

Əslən Lerikin Kəlvəz kəndindən olan Elməddin Sübhi oğlu Əlizadə 11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. 2 qardaş və 2 bacı olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Zəhmədabad kəndində keçmişdir. 2004-cü ildə şəhid Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş və 2014-cü ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdur. Oxuduğu illər ərzində həm sinif yoldaşlarının, həm də müəllimlərinin böyük sevgisini və hörmətini qazanmışdır. 2015-ci ilin aprel ayında Elməddin Biləsuvar rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Goranboy ayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilir. Xidməti dövründə kəşfiyyatçı kimi xidmət etmişdir.

Elməddin 2016-cı ilin "Aprel" döyüşlərinin iştirakçısı olmuş və Azərbaycanın Milli Qəhrəmanı, şəhid, general Polad Həşimovla birgə döyüşmüşdür. 2016-cı ilin oktyabr ayında Elməddin hərbi xidmətini başa vurur və doğulub, boya-başa çatdığı doğma kəndinə -Zəhmətabad kəndinə qayıdır. Dost-tanışları, qohum-qonşuları, müəllimləri Elməddinin gəlişini eşidib, onu ziyarətə gəlirlər. 

Hərbi geyim tikiş fabrikində işləyən Elməddin 2020-ci il 27 sentyabrdan etibarən II Qarabağ müharibəsi başladığı zaman Azərbaycanda qismən səfərbərlik elan edildikdən sonra Elməddin müharibədə iştirak etmək üçün könüllü olaraq Biləsuvar rayon Hərbi komissarlığdan qeydiyyatdan keçir və müharibədə yollanır. Bu döyüşlərə də kəşfiyyatçı kimi qatılan Elməddin Ağdam rayonundan başlamış Şuşa şəhərinə qədər döyüşür və düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Noyabr ayının 8-də əlbəyaxa döyüşlərdə Elməddin yaralanır, yaralanmasına baxmayaraq yenidən döyüşür və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi 09 noyabr 2020-ci ildə doğulduğu Biləsuvar rayonunun Zəhmətabad kəndinə gətirilir və orada torpağa tapşırılır. Allah qəhrəman əsgərimizə rəhmət eləsin. Vətən sağ olsun!

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olan könüllü əsgər, şəhid Elməddin Sübhi oğlu Əlizadə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

                                                                                          Ambur.az

Oxşar xəbərlər